Tibb elmləri doktoru, professor Məlahət Cahangir qızı Sultan
Sultan Məlahət Cahangir qızı, Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasında kliniki ordinatura keçmişdir. 2011-ci ildən həmin kafedranın dosenti, 2020-ci ildən professoru vəzifəsinə seçilmiş və 01.12.2017 tarixdən hal-hazıradək kafedra müdiri vəzifəsində çalışır. 2005-ci ildə tibb üzrə fəlsəfə doktorluq, 2018-ci ildə elmlər doktorluq dissertasiyasını müdafiə etmişdir. ATU-nun Tədris Cərrahiyyə klinikasında həkim radioloq kimi fəaliyyət göstərir.
Dosent elmi adı 2012-ci il, professor elmi adı 2023-cü il, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi 2006-cı il, tibb elmləri doktoru elmi dərəcəsi 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən təsdiq olunmuşdur.
Universitetdə işlədiyi müddətdə özünü nizam-intizamlı, verilən tapşırıqları səliqə ilə yerinə yetirən, vəzifə borcuna məsuliyyətlə yanaşan əməkdaş kimi göstərmişdir. Təcrübəli pedaqoq,elmi işçi, rəhbər, həkim-radioloq kimi klinika və kafedra kollektivinin, eləcə də xəstələrin rəğbətini qazanmışdır. Kafedra müdiri olaraq kollektivdə elmi, pedaqoji və kliniki işlərin aparılması, koordinasiyası və tətbiqi məsələlərinə rəhbərlik edir. Pandemiya dönəmində və II Qarabağ müharibəsində peşəkar həkim kimi öz borcunu şərəflə yerinə yetirmişdir.
Azərbaycan Radiologiya Cəmiyyətinin təsisçilərindəndir və elmi katibidir. Dəfələrlə ixtisasına dair xarici ölkələrdə və respublikada (həmçinin, bölgələrdə) beynəlxalq konfranslarda çıxış etmişdir. Avropa Radioloqlar Cəmiyyətinin, Rusiya Rentgenoloqlar və Radioloqlar Cəmiyyətinin, Amerika Kardiotorakal radioloqlar cəmiyyətinin üzvüdür.
2018-2020-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya mərkəzinin nəzdində müdafiə şurasının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın tibb və əczaşılıq elmləri üzrə ekspert şurasının elmi katibidir.
158-dən elmi işin, o cümlədən, Şüa diaqnostikasına dair ilk dəfə ana dilimizdə çap olunmuş Milli rəhbərliyin baş redaktoru, 1 dərsliyin, 4 dərs vəsaitinin, 2 monoqrafiyanın, 2 metodik vəsaitin (1-i ingilis dilində) və 2 tədris proqramının müəllifidir. Elmi rəhbərliyi ilə 3 tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işi AAK tərəfindən təsdiq olunmuş, hazırda 6 elmi tədqiqat işi davam edir.