Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan direktorun müavini Adil Nuriyev bu xəstəliyin bütün dünyada geniş yayıldığını və insan orqanizminə vurduğu zərərlər barədə danışıb. Daha sonra professor Tamfira Əliyeva çıxış edərək şəkərli diabetin dünyada və Azərbaycanda epidemiologiyası, əsasən bu xəstəliyin ölkəmizdəki statistik göstəricilərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova şəkərli diabet xəstəliyi olan şəxslərin psixoloji vəziyyəti və xəstəliklə mübarizə yolları barədə məlumat verib. Daha sonra endokrinoloq, dosent Səbinə Məşədiyeva “Diabet Məktəbi”nin tarixindən danışıb və qeyd edib ki, bu məktəbin əsas məqsədi şəkərli diabet xəstələrini maarifləndirmək və onlara özlərinə düzgün qulluq etmə qaydalarını aşılamaqdan ibarətdir. Sonda çıxış edən dosent Gülər Fətəliyeva bu mövzunun hər zaman aktual olduğunu və gizli gedən şəkərli diabeti aşkar etmək üçün insanlara vaxtında həkimə müraciət etmələrini tövsiyə edib. Tədbir iştirakçıların sual-cavabları ilə davam etdirilib.