Noyabrın 16-da Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) iclası keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ATU-da İNMŞ-in fəaliyyəti üçün yaradılmış iş otağı ilə tanış oldular. Bildirildi ki, burada Şura üzvlərinin fəaliyyəti üçün yüksək səviyyəli şərait yaradılıb.
Daha sonra iclası giriş sözü ilə açan İNMŞ-in sədri, Milli Məclisin deputatı İlham Məmmədov bildirdi ki, Şura ATU-nun Böyük Elmi Şurasının 2017-ci il 30 may tarixli qərarı ilə yaradılıb: “Şuranın 9 nəfər üzvü var. İctimai Nəzarət və Məsləhət Şurası Azərbaycan Tibb Universitetində elmin və təhsilin inkişafında innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsində yaxından iştirak edir. Fəaliyyətin ictimai əhəmiyyətini artırmaq məqsədilə ATU-nun tədris binalarında üzərində qaynar xətt nömrələri yazılan rəy qutuları qoyulacaq. Qaynar xətt günün bütün saatlarında zəngləri qəbul edəcək”.
Sonra şura üzvləri təkliflərini irəli sürdülər. İclasda ATU-nun 2017-2018-ci tədris ili üçün fəaliyyət planı müzakirə olundu və təsdiq edildi.
ATU-nun “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi Aidə Bəndəliyeva universitetin fəaliyyəti və strukturu barədə geniş məlumat verdi: “Azərbaycan Tibb Universitetinin 6 tədris korpusu və 6 yataqxanası var. Universitetdə 6 fakültə fəaliyyət göstərir. ATU-nun hazırda 3500 nəfər əməkdaşı var. Onlardan min nəfərə qədəri pedaqoji heyətə daxildir. Pedaqoji heyətin 200 nəfərə qədəri professor, 400 nəfərdən çoxu isə dosentdir”.
Sonda qərara alındı ki, İNMŞ-in qış imtahan sessiyasına qədər növbəti iclası keçirilsin.
Qeyd edək ki,şuranın tərkibinə Millət vəkili, həkim qastroentroloq İlham Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Asan” radionun direktoru Emin Musəvi, İctimai Televiziyada “İctimai siyasi proqramlar” Departamentinin direktoru Anar Yusifoğlu, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü - Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyi “SABAH” qruplarının tədris işləri üzrə rəhbəri, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin hüquqşünas-eksperti Eldar Qocayev, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun Əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və ATU-nun tələbəsi Məhərrəm Alimli daxildir.