Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi təhsil sisteminin təkmilləşdirilməsi, şəffaflığın təmin olunması üçün daim tələbələrin rəyini dinləməyə hazırdır. Bu ildən etibarən rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə universitet rəhbərliyi və şəxsən rektorun özünün mütəmadi olaraq tələbələrin qrup nümayəndələri ilə görüşləri keçirilir. Bu ənənə fakültələrdə də davam edir.
Noyabrın 29-da ATU-nun İctimai səhiyyə fakültəsinin I, II və III kurslarında təhsil alan qrup nümayəndələri ilə görüş keçirilib. Görüşdə fakültənin dekanı, tibb üzrə elmlər doktoru, dosent Anar Ağayev, dekan müavini dosent Qalina Qəniyeva və tədris məsləhətçisi müəllimə Zümrüd Abaszadə iştirak ediblər.
Görüş zamanı Z.Abaszadə I, II və III kurslarda təhsil alan tələbələrin 2017-2018-ci tədris ilinin payız semestri ərzində fəaliyyətini əks etdirən hesabatla çıxış edib. Bu zaman tələbələrin davamiyyəti ilə bağlı ayrıca məlumat verilib. Davamiyyəti zəif olan tələbələrlə fakültə dekanı və dekan müavininin keçirdiyi görüşlər, payız semestri ərzində kredit borcu olan və təkrar dinləmələrə cəlb edilən tələbələr, qrup nümayəndələrinin fəaliyyətində olan nöqsanlar barəsində də məlumat səsləndirilib.
Qarşıdan gələn qış sessiyası müddətində hər kurs üzrə imtahan günləri və müvafiq fənlər barədə ətraflı informasiya açıqlanıb. Z.Abaszadə sonda tələbələri fakültənin tələbə dekanı II kurs 641b qrup tələbəsi Ağazadə Xədicə İzzət qızı, fakültə tələbə həmkarlar təşkilatının nümayəndəsi II kurs 642b qrup tələbəsi Qocayeva Ella Azər qızı və fakültə gənclər və idman təşkilatının nümayəndəsi III kurs tələbəsi 626a qrup tələbəsi Quliyeva Xətayə Əliqismət qızı ilə tanış etdi.
Daha sonra fakültənin dekanı Anar Ağayev çıxış edərək tələbələri dərsə davamiyyətdə məsuliyyətli olmağa çağırdı. A.Ağayev universitetdə təhsil müddətində tələbələri onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə, maksimum dərəcədə bilik əldə etməyə, dostluq münasibətləri qurmağa, bilik mübadiləsi aparmağa səslədi.
Sonra A.Ağayev tədris zamanı tələbələrin üzləşdiyi müxtəlif problemlərlə bağlı onların bəzi suallarını cavablandırdı. Dekan maraqlı təkliflərlə çıxış edən tələbələri diqqətlə dinlədikdən sonra bir sıra digər məqamlara aydınlıq gətirdi.
2 saatdan artıq davam edən görüşün sonunda fakültə dekanı Anar Ağayev tələbələrlə keçirilən bu günün çox maraqlı eyni zamanda, məhsuldar olduğunu qeyd etdi və gələcəkdə bu görüşün öz töhfələrini verəcəyindən əmin olduğunu bildirdi.