Dekabrın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti reydini keçirib. 3 saylı tədris binasında keçirilən monitorinqində şuranın sədri, Millət vəkili, həkim qastroentroloq İlham Məmmədov və üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və tələbə dekanı Məhərrəm Alimli iştirak ediblər.
Əvəllər də yazdığımız kimi, reydlərin aparılmasında əsas məqsədi tələbələrin fikirlərini, rəylərini, şikayətlərini və təkliflərini öyrənməklə ictimailəşdirmək, qarşıya çıxan problemlərin həllinə nail olmaqdır.
Monitorinq zamanı insan anatomiyası, biologiya və tibbi genetika kafedralarında mühazirə zallarına, seminar və praktiki məşğələ otaqlarına daxil olan şura üzvləri tədris prosesini izləyiblər, tələbələrlə açıq diskussiya aparıblar. Qarşılıqlı fikir mübadiləsi aparılarkən tələbə-müəllim münasibətlərinə də toxunulub.
Dərs yükü ilə müqayisədə bəzi fənlərdən dərs saatının az olduğunu və bu amilin tədrisin keyfiyyətinə mənfi təsir göstərdiyini deyən tələbələr test imtahanlarında açıq sualların çoxluğundan və bəzi sualların tərtibindəki uyğunsuzluqdan da şikayətləniblər. Onlar cavabları rəqəmlə ifadə olunan sualların test imtahanına salınmasını məqsədəuyğun hesab etmirlər və bunu belə sualların əzbərçiliyə gətirib çıxarması ilə əsaslandırırlar.
Təkcə mənfi hallara deyil, təqdir olunası məqamlara da diqqət yetirən şuranın üzvləri insan anatomiyası kafedrasında yaradılan tədris şəraitindən razı qaldıqlarını bildiriblər.
Xatırladaq ki, qeydə alınan təklif və rəylər qruplaşdırılaraq müzakirə edildikdən sonra reydin nəticələri haqqında daha ətraflı məlumat veriləcək.