Azərbaycan Tibb Universitetində (ATU) “İslam Həmrəyliyinin Kulinariyası” layihəsi çərçivəsində tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə baş tutan tədbirdə universitetdə təhsil alan əcnəbi tələbələr iştirak edib.
Universitetin tələbəsi, layihə rəhbəri Rauf Vəliyev layihənin məqsəd və məramı barədə ətraflı məlumat verib. O, bu ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb. Bununla əlaqədar Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə bir çox istiqamətlərdə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb. Yeni layihənin də bu silsilədən növbəti tədbir olduğunu qeyd edib: “Məqsəd bu layihə çərçivəsində milli mətbəximizin universitetdə oxuyan əcnəbi tələbələrə yaxından tanıdılmasıdır. Buna səbəb milli mətbəximizə aid olan nümunələri özününküləşdirən bədnam qonşumuz ermənilərin məkrli niyyətlərinin qarşısını almaqdan ibarətdir. Bu tədbirin baş tutmasına görə, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Tədbirdə çıxış edən tələbələr - Əminə Fərzəlizadə, Aynur Sərdarova, Nigar Əfəndiyeva, Şəmsi Axundov təkcə Azərbaycan mətbəxinin zənginlikləri, təamların necə hazırlanması ilə bağlı deyil, həmçinin ölkəmizin tarixi, coğrafiyası, təbiəti, mədəniyyəti, tarixi abidələri, müalicə əhəmiyyətli kurortaları və s. barədə də iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirdə nümayiş etdirilən bir neçə dəqiqəlik video-rolik əcnəbi tələbələrdə milli mətbəximiz haqda ətraflı təəssürat yarada bilib. Sonda əcnəbilər dəhlizdə mətbəximizə aid olan dolma, ləvəngi, plov, dovğa və s. yeməklərin tamına baxmaq imkanları əldə ediblər. Onlar Azərbaycanın milli mətbəxinin zənginliyindən, yeməklərin ləzzətli və dadlı olmasından ağızdolu danışıblar.