Bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən tələbələr üçün təntənəli tədbir təşkil olunub.
Tələbələrin asudə vaxtlarının səmərəli keçiriliməsi üçün Rəşid Behbudov adına Dövlət Mahnı Dram Teatrında bayram konserti keçirilib. Tədbirin rəsmi hissəsində ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli çıxış edib. O, THİK-də aktiv fəlaiyyəti ilə seçilən tələbələrə təşəkkür edib. Qeyd edib ki, təşkilatın fəal üzvlərinin olması çox önəmlidir: “Lakin bizim işimiz təkcə təhsil-tədrislə bağlı deyil. Biz həm də tələbələrimizin asudə vaxtının daha səmərəli və maraqlı keçməsi üçün çalışırıq. Bu günkü tədbir də məhz bu qəbildən olan tədbirdir”. E.Kərimli hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb.
Konsertin ədəbi hissəsində tanınmış sənət xadimləri, musiqiçilər, rəqs ansamblları iştirak ediblər. Mərasimdə populyar mahnılarıyla yanaşı, bir sıra simfonik əsərlər səslənib, xoreoqrafik nömrələr nümayiş etdirilib. Konsert gənclərin ürəyincə olub.
Tədbirdə ATU-nun 360 tələbəsi iştirak edib. Onlardan 40 nəfəri əzcaçılıq fakültəsinin, 90 nəfəri I müalicə-profilaktika fakültəsinin, 90 nəfəri II müalicə-profilaktika fakültəsinin, 70 nəfəri stomatologiya fakültəsinin, 40 nəfəri ictimai səhiyyə fakültəsinin, 30 nəfəri isə hərbi tibb fakültəsinin tələbələri olub.