Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının USM həkimi, dosent Mətanət Pənahovanın “Hepatobiliar sistem xəstəliklərinin ultrasəs diaqnostikası” mövzusunda dərs vəsaiti işıq üzü görüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitab “Təbib” nəşriyyatında çap edilib.
Nəşrin redaktorları ATU-nun şüa diaqnostikası və şüa terapiyası kafedrasının professoru Bahadur Baxşiyev və insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyevdir. Dərs vəsaitində hepatopankreatobiliar sistemin anatomiyası, normal ultrasəs görüntülərinin xüsusiyyətləri, ultrasəs görüntüləmənin tarixi, müayinə üsullarının əsasları haqqında qısa məlumat verilir, bu sistemin xəstəlikləri zamanı müasir ultrasəs müayinəsi üsullarının informativliyi müqayisəli və aydın təhlil edilir. Kitabın bölmələri qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin müxtəlif mənşəli xəstəliklərinin, eləcə də ocaqlı törəmələrinin diaqnostikasında ən müasir ultrasəs elastoqrafiya və elastometriya üsullarının aparılması qaydalarına, real vaxt rejimində əldə olunmuş təsvirlərin xüsusiyyətlərinə və onların müqayisəli təhlilinə həsr olunub.
Kitabda hepatobiliar sistem xəstəliklərinin və onların ağırlaşmalarının vaxtında aşkar edilməsi üçün istifadə olunan ultrasəs müayinə üsullarına və meyarlarına xüsusi yer ayrılıb.