Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 2017-ci ilə həsr olunmuş hesabat xarakterli yekun iclası keçirilib.
İclasda çıxış edən direktor, professor Hüseyn Qabulov ATU rektoru, professor Gəray Gəraybəyli adından Klinikanın professor-müəllim heyətini və əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara daha böyük uğur və müvəfəqiyyətlər arzulayıb.
Daha sonra H.Qabulov 2017-ci il ərzində klinikada görülən işlərlə bağlı şura üzvlərinə məlumat verib.
Direktor bildirib ki, klinika digər klinikalardan heç də həcmi ilə yox, mahiyyəti ilə fərqlənir.
“Klinikada tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərinin, eyni zamanda iş günü ərzində minlərlə insanın (tələbə, pasientlər, onların yaxınlarının) dövriyyəsi və digər amillər həyata keçirilirsə, bu, bizim məsuliyyətimizi daha da artırır. Klinikamızda ölkənin aparıcı mütəxəssisləri, dünyanın digər aparıcı ölkələrində təhsil və təlim almış həkim mütəxəssislər çalışır. Bununla belə əsas məqsədimiz tibbin tədrisi, yüksək ixtisaslı tibbi kadrlarının hazırlanmasıdır”.
Direktor Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamı da xatırladıb.
“Ölkə prezidenti 2007-ci ildə imzaladığı sərəncamda birmənalı göstərmişdi ki, “Tədris Terapevtik Klinika klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin elmi tədqiqat işlərinin aparılması üçün yaradılır”. Bu da əlbəttə ki, bizim işlərimizin, gündəlik fəaliyyət və məsuliyyətimizin artırılmasına xidmət edir”.
Klinikada tədris prosesinin yüksək səviyyədə olduğunu vurğulayan, H. Qabulov hər il olduğu kimi bu ildə klinikada tədris prosesində problemlərin olmadığını qeyd edib.
“Tələbələrlə yanaşı klinikamız rezidentura təhsilinin iri bazalarındandır. Ümumiyyətlə, rezidentlərimizin əksəriyyəti üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Eyni zamanda onlar elmi tədqiqat işlərini də uğurla aparırlar. Sadəcə bir faktı qeyd etmək olar ki, 2017-ci ilin ATU Rezidentlərinin Elmi Konfrasında Klinikamızın rezidentlərinin işlərinin sayı ümumi sayın 80%-ni təşkil etmişdi və konfransın açılışında rektor bunu xüsusilə vurğulamışdı. Şübhəsiz ki, bu nailiyyətlərdə Klinikamızın professor-müəllim heyətinin və həkimlərinin böyük əməyi var. Bu baxımdan rezidentlərin təhsilinin təkmilləşdirilməsi ilə əlaqədar gələn ildən bir sıra yeniliklər tətbiq etməyi planlaşdırırıq”.
Klinikada keçirilən iri konfranslar və tədbirlər barəsində də söhbət açan, direktor belə konfranslara və tədbirlərə ev sahibliyi etməkdən məmun olduqlarını bildirib.
H. Qabulov 2017-ildə Klinikada həyata keçirilən struktur dəyişikliklərindən və görülən işlər barəsində də məlumat verib.
“Bu il Klinikamıza yeni kadrlar cəlb olundu, daha müasir avadanlıqlar gətirildi. Bu da müəyyən sahələrdə olan çatışmazlıqları aradan qaldırmaq imkanı yaratdı. Struktur vahidlərinin sərbəstliyi müəyyən qədər artırıldı ki, bu da qarşıya çıxan gündəlik məsələlərin həllini asandlaşdırmağa kömək etdi. Sosial şəbəkələrdə klinikamızın geniş imkanlarının və həkimlərimizin tanıdılması istiqamətində davamlı olaraq işlər həyata keçirilir. Bu il ərzində ölkənin iri sığorta şirkətləri ilə əməkdaşlığımızı daha yüksək səviyyədə genişləndirmək imkanlarımız oldu. Həmçinin həkimlərimizin əmək haqları da artırıldı”.
Direktor onu da vurğulayıb ki, 2016-cı illə müqayisədə cari ildə klinikanın şöbələrində xəstə sayında artım müşahidə edilib.
Hal hazırda Klinikanın fəaliyyətinin səmərəsini artırılması istiqamətində müəyyən təkliflər hazırlandığını deyən, direktor bunu Universitet rəhbərliyinə təqdim edəcəklərini bildirib.
İclasda çıxış edən direktorun müavini, dosent Adil Nuriyev tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, eyni zamanda tibbi tədrisin daha da inkişafı istiqamətində uğurlu işlər görəcəklərini vurğulayıb.
Daha sonra çıxış edən professorlar İsfəndiyar İsmayılov və Amaliya Əyyubova klinikanın fəaliyyətinin yüksəldilməsinə xidmət edən işləri yüksək qiymətləndirdiklərini və bunun üçün bundan sonra da daha əzmlə çalışacaqlarını bildiriblər.