ATU-da “Bilik Günü” qeyd olundu
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov bu əlamətdar günün yaranma tarixindən danışmış, tələbə adını qazananları, onların valideynlərini, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir.
Elmə və təhsilə göstərilən dövlət qayğısından danışan rektor universitetin keçdiyi inkişaf yoluna da nəzər salmışdır. Bildirmişdir ki, bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tibb təhsilinə həmişə diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev iki dəfə ATU-da olmuş, proqram xarakterli çıxış etmiş və müəllimlərimizin əməyinə yüksək qiymət vermişdir.
Universitetin nəzdində onkoloji, tədris-terapevtik və stomatoloji klinikalarının fəaliyyət göstərdiyini, üç gün əvvəl isə tədris-cərrahiyyə klinikasının istifadəyə verildiyini deyən rektor bütün bunları Azərbaycan dövlətinin səhiyyə sahəsinə diqqəti kimi qiymətləndirmişdir. Məlumat vermişdir ki, bu il ATU-ya 931 tələbə, o cümlədən hərbi fakültəyə 39 nəfər qəbul olunmuşdur. Builki qəbul imtahanlarında 600-dən çox bal toplamış 380, 700 bal toplamış 2 nəfər universitetdə təhsil alacaqdır. Universitetin rezidenturasına 147, magistraturasına isə 10 nəfər daxil olmuşdur.
O, ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Rektor daha sonra dedi ki, biz indi xalqımız üçün tarixi əhəmiyyət daşıyan bir hadisənin - prezident seçkilərinin ərəfəsindəyik. Dövlətimiz əmin ola bilər ki, universitetimizin əməkdaşlarının əhval-ruhiyyəsi çox yüksəkdir. Bu əməkdaşlarımızın prezident İlham Əliyevə olan inamından irəli gəlir. Uni-versitetimizin hər bir əməkdaşı, ailə üzvləri ilə birlikdə səbirsizliklə seçki gününü gözləyir.
Hesab edirəm ki, həmin gün böyük sevinc hissi ilə hamı dövlət başçısı İlham Əliyevə səs verəcəkdir.
Tədbirdə yeni dərs ili münasibətilə müəllim və tələbələri təbrik edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müasir cəmiyyətin yaradılmasının keyfiyyətli təhsildən keçdiyini vur-ğulamışdır.
Azərbaycan təhsilinin və səhiyyəsinin infrastrukturunda əsaslı islahatlar aparıldığını qeyd edən Ə.Əhmədov bildirmişdir ki, bütün bu irəliləyişlərin kökündə Azərbaycanın daim artan iqtisadi gücü dayanır. Bütün sahələrdə gedən dinamik inkişaf isə ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan iqtisadi siyasətin təntənəsinin göstəricisidir.
Ölkəmizdə ildən-ilə müəllimlərin və həkimlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışan YAP sədrinin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan hökumətinin qarşısında duran başlıca məqsəd təhsil və səhiyyə sahələrində yüksək keyfiyyətə nail olmaqdır.
Azərbaycan təhsili və səhiyyəsinin uğurlarından söhbət açan Ə.Əhmədov demişdir ki, son 10 ildə əsaslı təmir olunmuş və yeni tikilmiş 500-dən çox tibb müəssisəsi açılaraq xalqımızın istifadəsinə verilmişdir. O, son beş ildə 2 min 500-dən çox məktəb binasının da istifadəyə verildiyini qeyd etmişdir.
Ə.Əhmədov çıxışının sonunda tələbələri təbrik etmiş və onlara təhsillərində uğurlar arzulamışdır.
ATU-nun professorları Dilqəm Tağıyev və Gəray Gəraybəyli də tələbələri təbrik etmiş, onların yüksək təhsil almaları üçün universitetdə hər cür şəraitin yaradıldığını bildirmişlər.
Yüksək balla ATU-nun müalicə-profilaktika fakültəsinə qəbul olmuş Osman Müslümov çıxış edərək daim bu ali təhsil ocağının adını ucaldacağına və müəllimlərinin etimadını doğruldacağına söz vermişdir.
Çıxışlarda yekdilliklə belə bir fikir vurğulanmışdır ki, ATU-nun müəllim və tələbə kollektivi növbəti prezident seçkilərində həmişə bu ali təhsil ocağına qayğı ilə yanaşan dövlətimizin başçısı İlham Əliyevə səs verəcəkdir.