Azərbacyan Tibb Universitetinin (ATU) mütəxəssisləri təkcə bu universitetdə deyil, ölkənin əksər səhiyyə müəssisələrində keçirilən yüksək səviyyəli tədbirlərdə aktiv iştirak edirlər. Belə toplantılardan biri Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Burada “Səhiyyənin aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda ATU-nun təmsilçiləri də çıxış ediblər.
ATU-nun psixiatriya kafedrası, uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim psixiatrı, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov “Uşaqlarda inkişaf psixopatologiyaları” mövzusunda çıxış edib. Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrası, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim –pediatrı, tibb elmləri üzrə fəlsəfə doktoru Nigar Sadiyeva isə “Peyvəndlər: müasir yanaşma” mövzusunda fikirlərini açıqlayıb. Həkimin sözlərinə görə, vaksinasiya hər il 3 milyon uşaq ölümünün, 750 min uşağın əlil olmasının qarşısını alır. Qızılca, məxmərək, vərəm kimi infeksion xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvəndlərin vurulması vacibdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında məlumat verib.. Qeyd olunub ki, sosial-iqtisadi islahatların səmərəliliyinin yüksəldilməsi, müalicə-profilaktika işinin təşkili sahəsində görülən işlər tibbi xidmətin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Uşaqların psixi sağlamlığı və inkişafı da daim diqqət mərkəzindədir.
Bundan əlavə, toplantıda “Yenidoğulmuşlarda sarılıqlar”, “Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma”, “Autizm-nevroloq gözü ilə” və digər mövzularda maraqlı çıxışlar olub. Konfransda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.