Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında 5 ildir övlad sahibi ola bilməyən 32 yaşlı qadın analıq sevincini yaşayıb. Klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmlər namizədi Natəvan Axundovanın sözlərinə görə, qadının I hamiləliyi 2015-ci ildə 26-cı həftəsində kesar kəsiyi əməliyyatı ilə nəticələnib. Yenidoğulmuş körpə elə həmin gün dünyasını dəyişib.
N. Axundovanın sözlərinə görə, vaxtından qabaq doğuşun səbəbi normal yerləşmiş ciftin qopması ilə bağlı qanaxma, hamiləliyin ən ağır patologiyası sayılan, hətta ana ölümünə gətirib çıxara biləcək HELLP sindromu olub: “Əməliyyata götürülərkən qadının arterial təzyiqi 180/110 mm.c.süt olub. Sidikdə zülalın, qanda kreatinin, ALT, AST, bilirubinin səviyyəsi yüksək, trombositlərin, hemoqlobinin səviyyəsi isə nəzərəçarpacaq dərəcədə aşağı olub. II hamiləlik 2016-cı ildə, 8 həftəsində inkişafdan qalıb. Qaşıntı materialı kariotip müayinəyə göndərilib və 45XY (1 xromosom əskikliyi) aşkar edilib”.
Həkim deyir ki, xəstə RH-, əri isə RH+ qan qrupuna mənsubdur. I hamiləlikdə və doğuşdan sonra anti-D immunprofilaktika olunmayıb: “Abortdan sonra isə olunub. Qadın talassemiya xəstəliyinin genini daşıyır. Şikayətlərə uyğun olaraq laborator, instrumental, genetik müayinələr aparıldı. Qadının qan laxtalanmasına görə dəyişikliyə uğramış (trombofilik mutasiya) 6 genin daşıyıcısı olduğu aşkar edilib. Hər iki valideyinin kariotipi normaldır”.
Müalicələr bitdikdən sonra qadının hamilə qalmasına qərar verilib. Hamiləlik əvvəldən sona qədər, xüsusilə 20-ci həftəsindən sonra çox ciddi nəzarət altında aparılıb. Problemin həllinə nefroloq da cəlb edilib. Hamiləlik kiçik molekul çəkili heparinin yüksək profilaktik dozası ilə aparılıb. Protokola uyğun olaraq hamiləliyin 28,34-cü həftələrində anti-D immunprofilaktika aparılıb: “Nəhayət, ciddi-cəhdlərdən sonra ötən il dekabrın 28-də hamiləlik çəkisi 3150 q, boyu 50 sm olan dölün kesar kəsiyi əməliyyatı ilə doğulması ilə nəticələnib. Qadın və övladı kafi vəziyyətdə evə yazılıb”