“Uşaq inkişafı psixi və somatik sağlamlığı əks etdirən vacib parametrdir. Kiçik yaşlı uşaqların inkişafinda meydana çıxan gerilikləri rutin fiziki müayinədə aşkar etmək çox çətindir”.
ATU-nun Tədris Terapevtik Klinikasının həkim-pediatrı, assistent Nigar Sədiyeva belə deyir. O bildirir ki, inkişaf geriliklərinin mövcudluğu adətən uşaqlarda yeriməmək, danışmamaq kimi nəzərə çarpan problemlər meydana gəldikdə, yaxud uşaq təhsildə uğursuzluqlara düçar olduqda aşkar edilir: “Xüsusən son illər səhiyyəmizin uğuru - yenidoğulma dövründə müxtəlif problemləri olan yüksək risk qrupuna aid körpələrin yaşama şansının artması, eyni zamanda inkişaf çətinliklərinə namizədlərin də sayını artırır. Avropada, inkişaf etmiş ölkələrdə bu məqsədlə uşaq inkişaf mütəxəssisləri müxtəlif testlərin (AGTE, Bayley-3, Denver-2 və s.) köməyilə uşaqların sinir-psixi inkişafını və əqli inkişaf indeksini müəyyən edirlər. Uşaqların erkən inkişafı və inkişaf çətinliklərinin qarşısının alınması məqsədilə Beynəlxalq İnkişaf Pediatriyası Assosiasiyasının Prezidenti (International Developmental Pediatrics Association (IDPA)) və Ankara Universiteti Tibb Fakultəsi İnkişaf Pediatriyası Kafedrasının professoru İlgi Ertem tərəfindən Beynəlxalq İnkişafın İzlənilməsi və Dəstəklənməsi Rəhbərliyi (İDİR) yaradılıb”.
Həkim-pediatr Nigar Sədiyevanın sözlərinə görə, artıq bir neçə ildir ki, ölkəmizdə İnkişaf Çətinliklərinin qarşısının alınması və vaxtında aşkarlanması üzrə əhəmiyyətli işlər görülməkdədir. Belə ki, Səhiyyə Nazirliyi və UNİCEF-in dəstəyi ilə İDİR təlimlərinə başlanılıb: “Milli komandamız tərəfindən bu həftə 0-42 aylıq uşaqların inkişafını (tələffüz nitqi, anlama nitqi, motor inkişafı, ünsiyyət qurma, oyunlar, özünə xidmət) beynəlxalq standart alətin istifadəsi ilə dəyərləndirə bilmələri üçün azərbaycanlı mütəxəssislərə növbəti İDİR təlimi keçirilib. Dünyada 12000-dən çox uşaq üzərində standartlaşdırılmış bu Rəhbərlik üzrə İstifadəçilər üçün Təlim Proqramını uğurla başa vuran Nigar Sədiyeva, Təranə Tağızadə, Mətanət Qaraxanova və milli komandamızın digər üzvləri Təlimçi Sertifikatları ilə təltif olunublar. Vətənə, millətə xeyirli olsun!”