Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Dünya Səhiyyə Təşkilatının ölkəmizdə səfərdə olan nümayəndəsi ilə görüşüb. DST-nin ictimai səhiyyə və səhiyyə sistemləri bölməsinin direktoru Hans Kluge ilə görüşdə əsasən Azərbaycan və DST arasındakı əməkdaşlığın gücləndirilməsində Tibb Universitetinin rolu müzakirə olunub.
Görüş zamanı direktor Hans Kluge Azərbaycanda əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib. O, DST ilə Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında uzun illik əməkdaşlıq mövcud olduğunu bildirib. Qonaq qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan təmsilçiləri mütəmadi olaraq DST-nin keçirdiyi toplantılarda iştirak edirlər. Bundan əlavə, DST-nin ölkəmizdə ofisi də əməkdaşlığın genişləndirilməsi işində yaxından iştirak edir. Eyni zamanda, DST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı çoxsaylı layihələr həyata keçirilir. Hans Kluge Dünya Səhiyyə Təşkilatının bu əməkdaşlığı genişləndirilməsi işinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Qonağı salamlayan Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizlə DST arasında sıx əməkdaşlıqdan məmnunluğunu bildirib və DST-nin Azərbaycan üzrə ofisinin bu işdə böyük töhfəsi olduğunu deyib. G.Gəraybəyli universitetin təmsilçisi qismində DST- tərəfindən təşkil olunan bir çox layihələrdə yaxından iştirak etdiyini deyərək gələcəkdə bu əlaqələrin daha da intensivləşdirilməsinin tərəfdarı olduğunu bildirib:
“Azərbaycanda səhiyyə və təhsil sahəsinin inkişafı naminə xeyli işlər görülməkdədir. Bu iki sahənin toqquşma nöqtəsində yerləşən Azərbaycan Tibb Universiteti müəyyən mənada bu prosesin aparıcı qüvvəsidir desəm, yanılmaram. Tibb təhsili sahəsində ən böyük dönüş nöqtələrindən biri ATU-nun rezidentura sisteminə keçidi oldu. Hazırda ATU-da ikipilləli təhsil sistemi mövcuddur”. G.Gəraybəyli ATU-da rezidentura pilləsi, rezidentlərin mübadilə proqramı və digər yeniliklər barədə Dünya Səhiyyə Təşkilatının təmsilçilərinə məlumat verdi.
Rektor G.Gəraybəyli universitet daxilində fəaliyyət göstərən klinikalar haqqında da qonaqlara geniş məlumat verdi. Bildirdi ki, hazırda ATU-nun 4 müasir klinikası fəaliyyət göstərir: Tədris Stomatoloji Klinika, Onkoloji Klinika, Tədris Terapevtik Klinika və Tədris Cərrahiyyə. Klinikaların hər biri zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edilib. Özünü maliyyələşdirmə ilə fəaliyyət göstərən bu klinikalarda tələbə və rezidentlər həm nəzəri, həm də praktik bilgilərə yiyələnirlər. Tezliklə bu klinikalarda tibbi sığorta sisteminin tətbiqi də nəzərdə tutulub.
Professor G.Gəraybəyli qeyd etdi ki, hazırda qarşıda duran vəzifələrdən biri də dərs proqramlamların yenilənməsi ilə əlaqədardır. Bu məsələdə ATU çoxşaxəli beynəlxalq əlaqələrindən də yararlanmaq niyyətindədir. Çünki hazırda universitet dünyanın bir çox aparıcı ali təhsil müəssisələri ilə aktiv əməkdaşlıq edir. Bundan əlavə, universitetin aparıcı fakültələrindən biri olan Tibbi Profilaktika fakültəsinin adı İctimai səhiyyə fakültəsinə dəyişdirilib. Bu, həmin ixtisasa yiyələnən gənc həkimlərin diplomunun digər ölkələrdə tanınmasına yardım olacaq. Hazırda İctimai səhiyyə fakültəsində həmin profilə uyğun fənlərin tədrisi istiqamətində işlər görülür.
Daha sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov çıxış edərək universitetdə tətbiq edilən yeniliklərdən danışdı. Oonun sözlərinə görə, bir sıra islahatların həyata keçirilməsi üçün universitetdə xüsusi işçi qrupu da yaradılıb.
Görüşdə o da qeyd olunub ki, artıq Azərbaycan Tibb Universiteti (ATU) Dünya Səhiyyə Təşkilatının (DST) Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinin üzvüdür.
Görüşdə iştirak edən DST-nin Azərbaycankı nümayəndəliyinin rəhbər Kamran Qaraxanov da təmsil etdiyi qurumla ATU arasında əməkdaşlıq üçün təşəkkürünü bildirdi. Qeyd etdi ki, hər iki tərəf bu münasibətlərin daha da sıxlaşması üçün çalışacaq. Görüş zamanı toplantı iştirakçıları Azərbacyanda tibb təhsilinin inkişafı, bu sahədə yeniliklərin uğurlu icrası üçün görüləsi işlər və gələcək planlar haqqında geniş müzakirə aparıblar.
Qeyd edək ki, Görüşdə rektorun müşaviri Zülfüqar Musabəyov da iştirak edib