Azərbaycan Tibb Universitetinin tələbələri mükafatlandırıldı

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə bu təhsil ocağının 5 tələbəsi idman üzrə komandalararası göstərdikləri fəal və aktiv iştiraklarına görə mükafatlandırıldı. Voleybol üzrə yığma komandanın kapitanı Həsənova Nərgiz, basketbol üzrə oğlanlar komandasının kapitanı, İran vətəndaşı İden Afshari Mrak, yüngül atletika üzrə nümayəndə Gülnar Yusifli, basketbol üzrə qızlar komandasının kapitanı Zərifə Hacıyeva və Afra Mina universitet tərəfindən hədiyyələrə layiq görüldülər.

ATU-nun “Təbib” İdman Klubunun sədri, professor Kamal Kəbirlinski tələbələri təbrik etdi və onlara uğurlar dilədi: “Tələbələrimizə daim bizi belə yüksək səviyyədə təmsil etmələrini arzulayıram”.

ATU-nun THİK-nin sədri Elvin Kərimli də tələbələri uğurlu çıxışları münasibətilə təbrik etdi: “Tələbələrə gündəlik həyatlarında praktik istifadə edəcəkləri ləvazimatlar aldıq. Bu addım onların daim diqqətimizdə olduqlarını bildirmək üçündür. Universitetimizin rektoru da hər zaman tələbələrin diqqət və qayğısına qalır. Onların rahat və yüksək səviyyədə təhsil almaları üçün çalışır. İnanırıq ki, uğurlarınız davamlı olacaq”.