Aprelin 21-da terapevtik stomatologiya kafedrasında da ödənişsiz seminarlara start verildi.
Kafedranın müdiri, professor Ağa Paşayev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bugünkü seminarda tanınmış mütəxəssislərimiz öz təcrübələrini sizlərlə bölüşəcəklər: “Çalışmışıq ki, mövzülar müasir, maraqlı, həm də hər biriniz üçün faydalı olsun. Seminarın gündəliyinə iki mövzu daxil edilib. “İnterdistiplinar planlaşma: funksional və estetik nailiyyət” mövzusunda dosent Ramiz Əhmədbəyli, “Endodontik müalicə zamanı buraxılan səhvlər və araşdırmalar” mövzusunda isə dosent Aqil Əliyev sizə ətraflı məlumat verəcək. Düşünürəm ki, hər iki mövzu çox aktualdır”.
Xəstəyə təkcə terapevt, ortaped və yaxud cərrah kimi yanaşmağın doğru olmadığını deyən kafedra müdiri, ümumi bir kompleks müalicəyə üstünlük verməyin zəruriliyini vurğuladı. Onu da qeyd etdi ki, endodontik müalicə ilə bağlı suallar həmişə yaranır və tələbələri düşündürür: “Hələ ki kariyeslə mübarizə aparırıq. Müəyyən nailiyyətlər əldə edilsə də, tam müsbət nəticə yoxdur. Ona görə də diqqətinizə çatdırılan mövzular barədə təcrübəli müəllimlərimizin məruzələrindən çox şey öyrənəcəyinizə əminəm”.
Bundan sonra dosent Ramiz Əhmədbəyli çıxış edərək Azərbaycanda uzun müddətdir ki, stomatoloji ictimai birliklərin fəaliyyət göstərdiyini, həmin birliklərin təşkilatçılığı ilə müxtəlif konfrans, konqres və seminarların keçirildiyini söylədi: “Biz də istərdik ki, tələbələrimiz istər diplom öncəsi, istərsə də diplom sonrası o toplantılarda iştirak etsinlər. Amma bəzi güzəştli şərtlərə baxmayaraq, tələbələrimizin hamısı ödənişli olan o toplantılara qatıla bilmir. Ona görə də klinikamızın rəhbərliyi ilə bu məsələ ətrafında müəyyən söhbətlərimiz oldu və qərara gəldik ki, mütəmadi olaraq tələbələr, eləcə də rezidentlər üçün ödənişsiz seminarlar təşkil edək. Yəni beynəlxalq konqreslərdə iştirak edən müəllimlərimiz öz təcrübələrini tələbələırimizlə, gənc həkimlərimizlə paylaşsınlar”.
Nəyə görə “İnterdistiplinar planlaşma: funksional və estetik nailiyyət” mövzusunu seçdiyinə də aydınlıq gətirən dosent R.Əhmədbəyli qeyd etdi ki, ilk dəfə bu mövzunu 7 il bundan öncə beynəlxalq universitetlərin birində dinləmişdim. “Bu mövzunun mənası, fəlsəfəsi nədir”, “Bizim gündəlik çalışmamız üçün faydası nə olacaq” – suallarına cavab axtarmışdım. O gündən bu günə qədər bu fəlsəfəni özümə örnək götürdüm: “Bu fəlsəfəni anlamaq imkan verir ki, səhvlərimizi minimuma endirək. Xəstə bizə müraciət edəndə planlama əsasında 1-cü gündən son gününədək estetik və finksianal reablitasiyanı bitirməliyik. Professional komanda şəklində çalışmalı, ardıcıl diskussiyalar aparmalı və rastlaşdığımız fəsadları fərqli texnologiyalar vasitəsilə aradan qaldırmağa nail olmalıyıq”.
Seminarda dosent Aqil Əliyevin “Endodontik müalicə zamanı buraxılan səhvlər və araşdırmalar” mövzusunda əhatəli məruzəsi də maraqla dinlənildi. Karies prosesinin ağırlaşmasına – zamanla diş toxumalarını dağıdaraq, diş damarları və sinirlərinin iltihabına gətirib çıxaran səbəblərə toxunan dosent A.Əliyev diş kökü kanalının müalicəsi zamanı buraxılan səhvlərdən və həmin səhvlərin aradan qaldırılması yollarından danışdı.
Seminarın sonunda tələbələrin sualları cavablandırıldı və kafedranın müdiri, professor A.Paşayev hər iki məruzəçiyə təşəkkürünü bildirdi.