Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitasiya Elmi Cəmiyyətinin iclası keçirilib.
İclasda çıxış edən Allerqoloq, İmmunoloq və İmmunoreabilitasiya Elmi Cəmiyyətinin rəhbəri, professor Amaliya Əyyubova son zamanlar bronxial astmanın getdikcə artması və kəskinləşməsini nəzərə alaraq, beynəlxalq allerqologiya təşkilatı aprel ayının 22-dən 28-nə qədər allergiya ilə mübarizəyə (atopik dermatitə) həsr etdiyini bildirib.
O qeyd edib ki, allerqoloqlar nə qədər çalışsalar da, allergik xəstəliklərin qarşısını ala bilmirlər.
“Bu xəstəlik ildən-ilə getdikcə artmaqdadır və müxtəlif yaşlarda rast gəlinə bilər. Artıq allergik xəstəliklərin epidemiya şəklini alacağı ilə bağlı fikirlər də var. Azərbaycanda da bu xəstəlik getdikcə artmaqdadır və bütün bunları nəzərə alaraq, biz allerqoloqlar müəyyən tədbirlər həyata keçiririk”.
Atopik dermatitin klinik əlamətləri, tipləri, uşaqlarda müşahidə edilən müxtəlif formaları və s. haqqında məlumatlar verən A.Əyyubova bunun uşaqların 10-20%-də görülən xroniki bir dəri xəstəlik olduğunu vurğulayıb.
“Əsas əlamətləri qaşıntı, təkrarlayan sulantılı-qaşıntılı qızarıqlıqlar (yaralar) və dəri quruluğudur. Buna uşaqlarda bədəninin müxtəlif hissələrində rast gəlmək mümkündür”.
Cəmiyyətin elmi katibi, allerqoloq Tahirə Pənahova cəmiyyətin gördüyü işlər barədə danışıb və qeyd edib ki, atopik dermatit vaxtında müalicə olunmazsa, allergiyanın ən ağır forması - bronxial astmaya qədər gətirib çıxarır.
Daha sonra allerqoloq Ülkər Hümbətova Türkiyədə iştirakçısı olduğu “Türkiyə Ulusal allerqoloji və immunoloji” konqresi haqqında və orda müzakirə edilən mövzular barədə iclas iştirakçılarına məlumat verib.
O, konqresdə astma və peyvəndlər haqqında ən son yeniliklərdən söz açıldığını bildirib.
İclasın davamında həkim-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis Emil Hidayətli “Sağlam qidalanma, xəstəliklərin müalicəsində effektiv vasitə” mövzusunda maraqlı məlumatlar verib.