Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında "Novartis" əczaçılıq şirkətinin dəstəyi ilə “Ürək çatışmazlığı əlamətlərinin pisləşməsinin və fiziki məhdudiyyətin azalması nəticəsində həyat keyfiyyətində əhəmiyyətli irəliləyiş” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə direktorun elm və tədris işləri üzrə müavini Adil Nuriyev açıb.
O, klinikanın direktoru, professor Hüseyn Qabulovun adından tədbir iştirakçılarını salamlayıb, şirkətə tədbirin keçirilməsində verdikləri dəstəyə görə minnətdarlığını bildirib.
A.Nuriyev son illərdə digər xəstəliklərlə müqayisədə ürək-damar xəstəliklərinin artdığını və bu xəstəlik nəticəsində dünyasını dəyişən insanların ilbəil çoxaldığını bildirib.
Ürək-damar xəstəliklərinin müalicəsində tətbiq edilən yeniliklərlə bağlı ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsinin müdiri Fərid Əliyev məlumat verib.
O bildirib ki, son zamanlar istifadə edilən bir çox dərman vasitələri ürək-damar xəstəliklərinin qarşısını qismən də olsa almaqda köməyimizə çatır.
“Ürək çatışmazlığı diqqət edilməsi vacib olan bir xəstəlikdir və son zamanlar daha da artmaqdadır. Səhiyyə sahəsində tətbiq edilən yeniliklər bu xəstəlikləri tez bir zamanda aşkar etməyə bizə imkan yaradır. Ürək çatışmazlığı xərçənglə müqayisədə, daha erkən ölümlərə səbəb ola bilər. Xərçəng xəstəsi olan insanlar uzun müddət yaşaya bilirlər, amma ürək problemi olan insanlar vaxtında və düzgün müalicə olunmazlarsa, tez bir zamanda həyatlarını itirirlər”.