Dünya Birincili İmmun Çatışmazlıq həftəsi qeyd edilib

İmmunitet – insan orqanizminin ətraf mühitdən daxil olan genetik yad maddələrdən və ya özünəməxsus “qocal­mış”, zədələnmiş hüceyrələrdən, şiş hüceyrələrindən və s. amillərdən qorumaqdır. İmmun sisteminin iştirakı olmadan orqanizmdə heç bir patoloji proses baş verə bilməz. İmmun sistemin anadangəlmə patologiyası uşaq­larda daha çox müşahidə olunur və ağır fəsadlar verir. İmmun sisteminin genetik mutasiya ilə bağlı pozğunluğu Birincili İmmun Çatışmazlıq adlandırılır və bu patologiya nadir olsa da, bütün dünyada rast gəlinir.

 

Bir çox ölkələrdəki kimi, 2011-ci ildən Azər­baycanda Tibb Universitetinin bir qrup professor-müəllim he­yəti ölkə­mizdə belə xəs­tələrin aşkarlanması, erkən diaqnostikası və müalicəsi ilə məşğuldur. Amma buna baxmayaraq, Azər­baycanda anadan­gəl­mə immun çatışmazlıqlı xəstələrin sayı ilbəil artır. Qeyd etmək lazımdır ki, Respublikamızda xəstələrin qeydiyyatı və monitorinqi təşkil olunub və hazırda 105 uşaq və yaşlı xəstə nəzarət altındadır.

 

Artıq 5 ildir ki, Azərbaycanda Dünya Birincili İmmun Çatışmazlıq həftəsi qeyd edilir. Builki tədbir ATU-nun Elmi-Tədqiqat İmmunologiya Laboratoriyasının, allerqologiya və immunologiya kafedrasının əməkdaşlarının təşkilatçılığı təntənəli şəkildə keçirilib. Tədbirdə professor Gülnarə Nəsrullayeva, professor Amaliya Əyyubova, professor Lalə Allahverdiyeva, dosent və müəllimlər xəstələrin valideynləri ilə söhbət etdilər, onların suallarını cavablandırdılar. Vali­deyn­lər bu görüşlərin təşkilindən çox razı olduqlarını bildirdilər.

 

Görüşdə iştirak edən həkimlər bu növ xəstələrin həyat tərzi və müalicəsi haqqında yeni məlumatlar verdi, xəstəliklərin erkən aşkarlanmasında müasir diaqnostikanın mühüm yer aldığını vurğuladılar. Xəstələr müntəzəm olaraq təkrar müayinədən keçirlər, onlara aparılan müalicənin effektliyi analiz olunur. Görüşün sonunda hər bir uşağa xüsusi hədiyyələr bağışlandı və onlar rəngli şarları havaya buraxaraq öz istək və arzularını dünyaya çatdırdılar.

 

Daha sonra uşaqlar və valideynlər “Tom və Jerry” uşaq əyləncə mər­kəzinə yola düşdülər, onlar üçün təşkil edilmiş nahar yeməyində və şənlikdə iştirak etdilər. Xəstə uşaqlar nağıl qəhrəmanlarının iştirakı ilə tamaşaya baxdı və oyun avtomatlarında oynadılar. Qeyd edək ki, belə görüşlərin keçirilməsi artıq ənənəvi hala çevrilib.