Heydər Əliyev
ATU-nun Böyük Elmi Şurasının 2025/2026-cı tədris ilində sonuncu iclası keçirilib

ATU-nun Böyük Elmi Şurasının 2025/2026-cı tədris ilində sonuncu iclası keçirilib

    Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 2025/2026-cı tədris ilində sonuncu iclası keçirilib.

    Rektor, professor Gəray Gəraybəyli iclasın əsasən yekun məsələlərə həsr olunduğunu bildirib və ilk növbədə Məhkəmə təbabəti kafedrasının müdiri, professor Mənsur Bünyatovu yubileyi münasibətilə universitet kollektivi adından təbrik edib.

    Məhkəmə təbabəti kafedrasının universitetin nümunəvi kafedralarından biri olduğunu vurğulayan rektor burada sağlam iş mühitinin formalaşmasını professor M.Bünyatovun səmərəli fəaliyyətinin nəticəsi kimi dəyərləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Daha sonra Azərbaycan Tibb Universitetində 2025/2026-cı tədris ilində buraxılış kurslarında keçirilmiş yekun qiymətləndirmə imtahanlarının nəticələri, eləcə də əmək bazarının tələblərinə cavab verən gənc mütəxəssislərin hazırlanması istiqamətində universitet qarşısında duran vəzifələr müzakirə olunub.

   Buraxılış kurslarında yekun qiymətləndirmə üzrə komissiyaların sədrləri – I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli və Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev hesabat məruzələri ilə çıxış ediblər.

    I Müalicə-profilaktika fakültəsinin buraxılış kurslarında bilik və bacarıqların yekun qiymətləndirilməsinin nəticələri barədə məlumat verən komissiyanın sədri, fakültə dekanı Elşad Novruzov bildirib ki, 2025-2026-cı tədris ilində əvvəlki illərdən fərqli olaraq, həm “Müalicə işi”, həm də “Tibb” ixtisasları üzrə yekun dövlət attestasiyası keçirilib. “Müalicə işi” ixtisası üzrə imtahanlar Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) və test mərhələlərindən ibarət olub. OSKİ Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzində, nəzəri mərhələ isə İmtahan Mərkəzində təşkil edilib. “Tibb” ixtisası üzrə yekun qiymətləndirmənin isə ilk dəfə şifahi formada aparıldığı qeyd olunub. Vurğulanıb ki, hər iki ixtisas üzrə nəticələr yüksək olub, imtahanlar tam şəffaf şəkildə keçirilib və Apellyasiya Komissiyasına heç bir müraciət daxil olmayıb.

   II Müalicə-profilaktika fakültəsinin buraxılış kurslarında yekun qiymətləndirmənin nəticələrindən danışan komissiyanın sədri, fakültə dekanı İsrail Məhərrəmbəyli qeyd edib ki, tələbələrin klinik hazırlığı dövlət standartlarına uyğun təşkil olunub. Yekun imtahanlar “Terapiya”, “Cərrahiyyə” və “Mama-ginekologiya” istiqamətləri üzrə keçirilib və yüksək nəticələr əldə edilib. Fakültə üzrə 120 məzun fərqlənmə diplomuna layiq görülüb. Bildirilib ki, imtahan prosesi ümumilikdə problemsiz keçib, yalnız bir tələbənin apellyasiya müraciəti operativ şəkildə araşdırılaraq müsbət həllini tapıb.

   Daha sonra Stomatologiya fakültəsinin buraxılış kurslarında yekun qiymətləndirmənin nəticələri barədə komissiyanın sədri, fakültə dekanı Elmira Əliyeva məlumat verib.

   Məruzədə qeyd olunub ki, cari ildə ATU-nun Tədris Stomatoloji Klinikası yeni avadanlıq və simulyasiya otaqları ilə təchiz edilib ki, bu da tələbələrin praktik hazırlığının daha da təkmilləşdirilməsinə imkan yaradıb. Həmçinin il ərzində keçirilən səyyar stomatoloji aksiyalar çərçivəsində 8 mindən çox vətəndaşa tibbi xidmət göstərildiyi, 300 nəfərin əlavə müayinə və müalicə üçün Stomatoloji Klinikaya yönləndirildiyi bildirilib. Fakültə üzrə 221 tələbənin iki mərhələdə keçirilən yekun qiymətləndirmədə iştirak etdiyi, 11 məzunun fərqlənmə diplomuna layiq görüldüyü diqqətə çatdırılıb.

    İctimai səhiyyə fakültəsinin “Fizioterapiya və tibbi reabilitasiya”, “Tibb bacısı (qardaşı) işi” və “İctimai səhiyyə” ixtisasları üzrə istehsalat təcrübəsinin yekun qiymətləndirilməsinin nəticələri barədə fakültə dekanı Qalina Qəniyeva çıxış edib.

    Bildirilib ki, yekun qiymətləndirmə şifahi imtahan və OSKİ/OSPİ formatında keçirilib. Ümumilikdə 109 tələbə qiymətləndirmədə iştirak edib, iştirak göstəricisi 100 faiz təşkil edib və apellyasiya müraciəti qeydə alınmayıb. Yekun nəticələrə əsasən fakültə üzrə 20 tələbə fərqlənmə diplomuna layiq görülüb.

    Əczaçılıq fakültəsinin bakalavr pilləsində istehsalat təcrübəsinin yekun qiymətləndirilməsinin nəticələri barədə fakültə dekanı Fərəh Mədətli məlumat verib.

    Qeyd olunub ki, yekun qiymətləndirmə “Aptek və istehsalat təcrübəsi”, “Xəstəxana apteki” və “Əczaçılıq sənayesi” istiqamətləri üzrə təşkil olunub. Qiymətləndirmə şifahi imtahan və Obyektiv Strukturlaşdırılmış Praktik İmtahan (OSPİ) formatında aparılıb. Bildirilib ki, bütün istiqamətlər üzrə müvəffəqiyyət göstəriciləri yüksək olub, imtahanlar zamanı heç bir pozuntu və apellyasiya müraciəti qeydə alınmayıb.

    Hərbi tibb fakültəsinin 2025-2026-cı tədris ili üzrə buraxılış kurslarının yekun qiymətləndirilməsinin nəticələri barədə məruzə edən fakültə rəisi Məharət Rzayev bildirib ki, yekun qiymətləndirməyə “Hərbi tibb” ixtisası üzrə 24, “Stomatologiya” ixtisası üzrə 5, “Hərbi feldşer” ixtisası üzrə isə 65 nəfər məzun buraxılıb. “Hərbi tibb” ixtisası üzrə qiymətləndirmənin OSKİ formatında keçirildiyi, ötən illə müqayisədə cərrahiyyə və hərbi səhra terapiyası fənləri üzrə keyfiyyət göstəricilərinin 100 faizə çatdığı qeyd olunub. Bildirilib ki, Hərbi tibb fakültəsini ümumilikdə 94 kursant müvəffəqiyyətlə bitirib.

    Müzakirələrin yekununda çıxış edən rektor Gəray Gəraybəyli bildirib ki, ötən il Elmi Şurada qəbul olunan qərarlara uyğun olaraq, 2025-2026-cı tədris ilində buraxılış kurslarında yeni, praktik yönümlü yekun qiymətləndirmə modeli pilot layihə kimi uğurla tətbiq olunub. Rektor qeyd edib ki, universitetdə ilk dəfə olaraq dövlət attestasiya komissiyaları əvəzinə universitetdaxili yekun qiymətləndirmə komissiyaları fəaliyyət göstərib və bu model tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da obyektiv qiymətləndirilməsinə imkan yaradıb.

    Yeni qiymətləndirmə formatının tələbələr tərəfindən müsbət qarşılandığını deyən rektor bununla yanaşı, qiymətləndirmə prosesində səsləndirilən təkliflərin nəzərə alınacağını və sistemin növbəti illərdə daha da təkmilləşdiriləcəyini bildirib.

    Daha sonra Elmi Şurada Azərbaycan Tibb Universitetinin 2026-2027-ci tədris ili üzrə tədris planları və iş planı müzakirə olunaraq təsdiqlənib.

    Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov bildirib ki, universitetdə tədris olunan 200-dən çox fənn proqramına yenidən baxılıb, magistratura səviyyəsində ixtisaslaşmaların sayı artırılıb, bir sıra yeni ixtisaslar üzrə tədris proqramları hazırlanıb və Simulyasiya Mərkəzində klinik bacarıqların tədrisinin genişləndirilməsi nəzərdə tutulub. Daha sonra Elmi katib Rəşad Talışinski 2026-2027-ci tədris ili üzrə universitetin iş planını təqdim edib və sənəd Elmi Şura tərəfindən təsdiqlənib.

    Hesabatlar yekunlaşdıqdan sonra gündəlikdə duran digər məsələlərə baxılıb.

Akkreditasiya Komissiyasının yekun hesabatında əksini tapan tövsiyə və göstərişlərin icrası, Elmi Tədqiqatların İdarə Olunması Departamenti, Doktorantura və Dissertantura şöbəsi, Hüquq şöbəsi, Data Analitika və Süni İntellekt laboratoriyasının, eləcə də Elektron Kitabxananın əsasnamələri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin Rezidentura və magistratura şöbəsinin bazasında Rezidentura və Magistratura Departamentinin yaradılması təsdiqlənib.

    Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən hazırlanmış dərslik, dərs vəsaiti, metodik vəsait, klinik protokol və monoqrafiyaların nəşrinə razılıq verilib.

Paylaş

Dostlarınız ilə paylaşın.