Azərbaycan Tibb Universitetinin dəstəyi ilə ilk Milli Səhiyyə Forumu keçirilib

16 iyun 2018-ci il tarixində PROAKTİV şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə ölkəmizdə ilk Milli Səhiyyə Forumu təşkil olunub.

 

Forum Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr edilib.

 

PROAKTİV şirkətinin direktoru Şahanə Sarı açıqlamasında bildirib ki, layihənin məqsədi dövlət və özəl sektorda tibb sahəsində çalışan həkim, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki ən son yeniliklərin müzakirə olunması üçün yeni müstəvi yaratmaqdır.

 

Milli Səhiyyə Forumunda ATU-nun II mama –ginekologiya kafedrasının assistenti Şəymən Qədimova “Hamiləlik zamanı dərman preparatlarının istifadəsi”, ATU-nun biokimya kafedrasının professoru Tahirə Əsgərova “Azərbaycan Respublikasında irsi xəstəliklər və onların profilaktikası”, ATU-nun psixatriya kafedrasının professoru Zəfər Əliyev “Müasir gəncl0iyi gözləyən təhlükələr”, ATU-nun yoluxucu xəstəliklər kafedrasının nümayəndəsi t.ü.f.d. Araz Kazımov “Sızanaq xəstəliyi: yalnış gerçəklər və müalicədə ən son yanaşmalar”, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsinin t.ü.f.d. Fuad Novruzov “Azərbaycan səhiyyəsində yeni innovasiyalar: Nüvə Təbabəti”, Milli Onkologiya Mərkəzinin qadın sağlamlıq şöbəsinin həkimi Dr.Turan Nadirov “Uşaqlıq boynunun şişönü xəstəlikləri: Displaziyalar”, Milli Onkologiya Mərkəzinin şüa terapiya şöbəsinin həkimi Dr.Nigar Əliyeva “Azərbaycan Respublikasında bəd xassəli şişlərin şüa müalicəsinin müasir vəziyyəti”, Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsinin həkimi Dr.Nərmin Talıbova “Bəd xassəli şişlərin dərman müalicəsinin inkişaf tarixi və müasir vəziyyəti”, "SƏLİS” Loqopedik və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva “Logonevrozun müalicəsində Abeleton aparatının rolu”, “Sağlam Ailə” Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmova “Laborator diaqnostikada yeniliklər və keyfiyyətə nəzarət" mövzularında çıxışlar ediblər.