Sentyabrın 10-da Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin dekanlıq nümayəndələri universitetə yeni qəbul olan tələbələrlə görüşüb.
Fakültə dekanı, dosent Qorxmaz Əhmədov tələbələri təbrik edərək, onlara universitet həyatında uğurlar diləyib. Bildirib ki, tibb təhsili ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Son illər tibb təhsili sahəsində gedən sürətli reformalara hamımız şahidik: “Həkim və pedaqoji kadrlarının hazırlanması, universitetimizin maddi-texniki bazasınin inkişafı müvafiq dövlət strukturları tərəfindən hərtərəfli dəstəklənir.
Bu baxımdan, son illər ərzində ATU-nun 4 tədris klinikasının inşası və ən müasir avadanlıqlarla təchiz olunub istifadəyə verilməsi qürurverici haldır. Bu klinikalarda müalicə prosesi respublikamızın aparıcı mütəxəssisləri tərəfindən dünya standartlarına uyğun icra olunur”.
Tələbələrə fakültənin elektron ünvanı, yerləşdiyi yer, dekanlığın şərtləri və s. məsələlər barədə məlumat verilib.
Sonra dekan müavini Mahir Quliyev tədrisə aid bəzi vacib metodoloji məqamları izah edib.