ATU-da hazırlıq kursuna sənəd qəbulu davam edir

Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursunun tələbələrinin sənəd qəbulu davam edir. “Skype intervyu”dan uğurla keçənlər 2018/2019-cu tədris ilindən etibarən ATU-nun hazırlıq kursunun tələbələri hesab olunurlar.

 

ATU-nun xarici tələblərlə iş üzrə dekanı Orxan İsayevin sözlərinə görə, sənəd qəbulu prosesində tələbələrin sənədlərinin əsli alınır, fakültə rəhbərliyi tərəfindən onlara Universitet haqqında geniş məlumat verilir. Tələbələrə dərs cədvəlləri verilir, onlar korpusların yeri, fənnlər haqqında bilgiləndirilirlər.

 

Qeyd edək ki, yeni tədris ilində Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

 

Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələdə namizədlərlə “Skype” bağlantısı vasitəsilə müsahibə aparılır.