ATU-nun Tədris Cərrahiyyə Klinikasında tibbin ayrı-ayrı sahələri ilə yanaşı, tibbi cihazlar üzrə də mütəmadi olaraq təlimlər keçrilir. Əsasən rezident-neonatoloqların qatıldığı növbəti belə təlimlərdən biri də sentyabrın 21-də klinikanın nəzdində fəaliyyət göstərən Tibbi Cihazlara Nəzarət və Xidmət şöbəsində oldu. Tibbi cihazlar üzrə mütəxəssis Cəmil Həsənov “Neonatoloji nozal CPAP” cihazı haqqında təlim iştirakçılarına ətraflı məlumat verdi və cihazın işləmə prosesini əyani şəkildə göstərdi.
Mövzuya dair təlimin 5 mərhələdə aparılacağını söyləyən mütəxəssis cihazın təyinatı və strukturunu, istifadə qaydalarını izah edərək bildirdi ki, təlimat kitabçası ilk növbədə istifadəçilər üçündür və onu oxumaq hər bir istifadəçinin borcudur. O, təqdim olunan cihazın xüsusiyyətləri və imkanları barədə də danışaraq cihazdan istifadə zamanı yarana biləcək əsas çətinliklərə toxundu, qarşıya çıxan problemlərin həlli yollarını diqqətə çatdırdı.
Cihazın hissə və detallarının sterilizasiyasıının necə aparılmasından da söz açan mütəxəssis qeyd etdi ki, bu həkimlərin işi olmasa da, texniki bilgilərin zənginliyi əlavə üstünlükdür və hansı detalın harada, hansı temperaturda sterilizasiya ediməyini hər bir həkimin bilməsi, eyni zamanda tələb etməsi çox zəruridir.
Təlim zamanı avadanlıqların bir-birindən fərqinə, oxşar cəhətlərinə də aydınlıq gətirən C.Həsənov rahat daşınmayan avadanlıqların neonatologiya şöbəsində körpələrin sayına görə yerləşdirilməsinin vacibliyini də vurğuladı.
Təlimin gedişində ortaya çıxan suallar da mütəxəssis tərəfindən cavablandırıldı.