Azərbaycanlı alim beynəlxalq konfransda ATU-nu təmsil edib

25-28 sentyabr tarixlərində Varşava Universitetində (Polşa) XIII Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilib.

 

Qurultaya dünyanın müxtəlif ölkələrində 120 elm adamı qatılıb. Türkiyənin İhsan Doğramacı adına Bilkent Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər elmi tədbirdə Azərbaycan Tibb Universitetini Azərbaycan dili kafedrasının dosenti Dürdanə Rəhimzadə uğurla təmsil edib.

 

Qurultayın açılış mərasimində təşkilat komitəsinin sədri, Bilkent Universitetinin professoru Rasim Özyürək, Yunus Əmrə İnstitutunun Varşava bölməsinin rəhbəri dosent Öztürk Əmiroğlu, Varşava Universitetinin Türkologiya kafedrasının müdiri, dosent Aqata Baraja Starzynska, Türkiyə-Azərbaycan dostluq və İşbirliyi Vəqfinin rəhbəri, professor Ənvər Həsənoğlu, Türkiyə Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Tahsin Tunç Üğdül və Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Həsən Həsənov çıxış edərək türkologiya sahəsində qarşılıqlı əlaqələrin inkişafından, qarşıda dayanan əsas vəzifələrdən və gələcək perspektivlərdə qurultayın önəmindən söz açıblar. 

 

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. ATU-nun təmsilçisi Dürdanə Rəhimzadənin “Mücərrəd mənalı sözlərin oğuz dillərində müqayisəsi” mövzusunda məruzəsi böyük maraqla qarşılanıb. 

 

Səfər zamanı Azərbaycanın Polşadakı səfiri, professor Həsən Həsənov qurultaya qatılmış Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş zamanı Azərbaycan-Polşa əlaqələrindən danışan professor H.Həsənov səfirliyin həyata keçirdiyi mühüm işlərdən söz açaraq elm sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

 

Sonra səfir ATU təmsilçisi D. Rəhimzadəni “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib.

 

Heyət üzvləri “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizələrin xatirəsinə” abidəsini də ziyarət ediblər. Qeyd edək ki, bu abidə 1918-1920-ci llərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli Matkey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın xatirəsinə ucaldılıb. 

 

Qeyd edək ki, Dürdanə Rəhimzadə bundan əvvəl İsveç, Bosniya, Rumıniya, Türkiyə və s. ölkələrdə keçirilən beynəlxalq qurultay və konfranslarda Azərbaycan Tibb Universitetini uğurla təmsil edib.