Müasir dövrün insanı daha az hərəkət edir, oturaq həyat tərzi keçirir. Bu da onurğa xəstəliklərinin cavanlaşmasına, geniş yayılmasına səbəb olub. Bu xəstəliklərdən biri də skoliozdur. Skolioz - onurğa sütununun yana doğru əyilməsidir. Bundan əlavə, onurğanın kifoz adlanan bir deformasiyası da var ki, bu halda onurğa arxaya doğru əyilir. Onurğa deformasiyalarının müalicəsi, onurğa cərrahiyyəsinin ən mürəkkəb əməliyyatlarından biri hesab olunur. Buna baxmayaraq, son dövrlərdə Azərbaycanda, o cümlədən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu cür əməliyyatlar geniş şəkildə icra olunur.
Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov bildirir ki, klinikada belə əməliyyatlar onurğa cərrahiyyəsində ciddi təcrübəyə malik olan cərrahlar tərəfindən icra olunur: “Yeni fəaliyyətə başlayan cərrahın bu cür əməliyyatları icra etməsi çox çətindir, hətta qeyri-mümkündür. Bunun üçün uzun illik bir təcrübə şərtdir”.
Digər klinikalardan fərqli olaraq, ATU-nun Tədris Cərrahiyyə Klinikasında belə əməliyyatlar neyromonitorun nəzarəti altında icra olunur: “Neyromonitor onurğa əyriliyini düzəldərkən, sinirlərin zədələnməsinin müəyyən dərəcədə qarşısını almaqda bizə kömək edir. Skolioz əhali arasında çox geniş yayılmış xəstəliklərdən biridir. İnsanlar bunun əməliyyatından qorxurlar, riskli olduğunu düşünürlər. Məhz neyromonitorun tətbiqi nəticəsində biz bu riskləri minimuma endirmiş oluruq”.
C.İskəndərovun sözlərinə görə, onurğa problemi ilə bağlı hər gün yalnəz ona 30-40 nəfər müraciət edir. Onların da əksəriyyəti belə əməliyyatların insanı şikəst etməsi ehtimalı ilə maraqlanır. Lakin neyrocərrah qeyd edir ki, müasir dövrdə belə əməliyyatlar zamanı mikrocərrahi alətlərdən, mikroskopdan geniş istifadə olunur, daxili rentgenoskopiya tətbiq edilir: “Bizdə demək olar ki, belə hallara rast gəlinmir. Biz yarana biləcək təhlükəni önləmək üçün mümkün olan bütün vasitələrdən istifadə edirik ki, bunun sayəsində xəstələrimizdə nevroloji ağırlaşmaya təsadüf olunmur”.
Cəmil İskəndərov bildirir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahiyyə şöbəsində skolioz əməliyyatları uğurla icra edilir: “Artıq yetərli sayda əməliyyatlar etmişik. Yaxşı olar ki, bu əməliyyat onurğanın formalaşması tam bitməmiş bir dövrdə - 14-17 yaş aralığında icra edilsin. Belə halda əməliyyat sayəsində onurğa əyriliyinin bərpası maksimal dərəcədə mümkündür. Bəzən kiçik yaş qruplarında da xəstələr davamlı korset müalicəsi aparsalar da, əyrilik artır. Onda, uşağın bu yaşa çatmasını gözləmədən əməliyyat edirik. İdeopatik (səbəbsiz) skolioz hallarında çalışırıq ki, xəstəni 14 yaşına qədər korsetlə müalicə edək. Nəticə əldə etmədikdə isə bu yaşdan sonra cərrahi əməliyyat icra edirik.
Həkim skoliozu olan xəstələrə aptekdən özbaşına korset almamağı məsləhət görür. Çünki skoliozun dərəcəsindən, bədən quruluşundan, xəstənin çəkisindən asılı olaraq müalicə üçün korsetlər xüsusi hazırlanır. Düzgün seçilməyən korsetin taxılması skoliozun daha da dərinləşməsinə gətirib çıxarır.