ATU-da "IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kursu” keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kursu” keçirilib. Türkiyədən bir çox qastroenteroloji-hepatoloji uzmanın qatıldığı tədbirdə viral hepatitlər və qaraciyər transplantasiyası, hepatologiya ilə bağlı müxtəlif mövzulara dair müzakirələr aparılıb.

 

Kurs öz işinə hər iki ölkənin Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları üçün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini əks etdirən video rolik təqdim olunub.

 

Tədbirin açılışında çıxış edən Türk Qaraciyər Vəqfinin rəhbəri prof.dr Yılmaz Çakaloğlu konfransın önəmindən danışıb. O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan və Türkiyənin tibb sahəsində münasibətlərin inkişafına xidmət edir.

 

Daha sonra çıxış edən Türkiyənin Hacettepe Üniversitetsinin tibb fakültəsinin professoru Yusuf Bayraktar Azərbaycanda cərrahiyyə sahəsinin çox inkişaf etdiyini bildirib: "Əgər bir ölkədə qaraciyər nəqli kimi əməliyyat icra olunursa, demək o ölkənin tibbi çox inkişaf edib. Bu gün Azərbaycanın tibb müəssisələri yüksək tibbi avadanlıqlarla təchiz edilib. Bu da səhiyyə sahəsindəki uğurlardan xəbər verir".

 

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov tədbir iştirakçılarına bu cür tədbirlərin önəmindən bəhs etdi: “Bu kurslar hər iki ölkənin tibb mütəxəssisləri üçün önəmlidir. Belə toplantılar ölkələr arasında təcrübə mübadiləsi və yeni biliklərin əldə olunması baxımından əhəmiyyətlidir”.

 

Tədbir hər iki ölkənin həkimlərinin mühazirələri ilə davam edib.