Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Şamaxı Heydər Əliyev Mərkəzində yerli əhali üçün seminar keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin Uşaq-Yeniyetmələrin sağlamlığı, əmək sağlamlığı kafedrasının doktorantı Qasım Əmrahlı “Fiziki aktivlik sağlam həyat tərzinin əsası kimi” mövzusunda mühazirə oxuyub.
Qasım Əmrahlı fiziki aktivliyin və sağlam həyat tərzinin insan orqanizmi üçün vacibliyini vurğulayıb, passiv həyat tərzinin səbəb olduğu xəstəliklər, onların risk amillərindən bəhs edib. Seminar interaktiv şəkildə keçirilib və böyük maraqla qarşılanıb.
Seminarda Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev, Bilik Fondunun Şamaxı rayon üzrə nümayəndəsi, Gülnurə Babaşova, Şamaxı Olimpiya Mərkəzinin məşqçi müəllimi Xanım Osmanova, digər dövlət və özəl qurumların numayəndələri də iştirak ediblər. Toplantının sonunda iştirakçıların sualları cavablandırılıb.