Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Türk-Azərbaycan Təcili Tibbi Yardım Günləri” adlı beynəlxalq kursu işinə başlayıb. Azərbaycan Tibb Assosiasiyası və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən toplantıda Türkiyə və Azərbaycanın mütəxəssisləri özlərinin akademik və peşəkar təcrübələrini bölüşürlər.
Beynəlxalq tədbirin açılış mərasimində ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək bu tip tədbirlərin təşkilinin əhəmiyyətindən danışdı: “Tibb Universitetində daim tibbin müxtəlif sahələrinə dair aktual mövzular, səhiyyə sahəsində olan yeniliklərə dairelmi praktik konfranslar təşkil olunur. Beynəlxalq elmi-praktik “Təcili Tibbi Yardım Kursu”nun əsas məqsədi Azərbaycanda təcili tibbi yardım həkimlərinin peşəkar təcrübələrinin artırılması və akademik biliklərinin təkmilləşdirilməsidir. İnanırıq ki, iştirak edən həkimlərin elmi-praktiki kursda mənimsədikləri akademik biliklər və praktik vərdişlər xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacaq”.
Mərasimdə İstanbul Bilim Universitetinin Professor Dr.Başar Cander və Professor Dr.Kadriye Yaşar çıxış edərək reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələr, bu zaman rast gəlinən əsas xəstəliklər, təcili tibbi yardım zamanı istifadə olunan dərman preparatları və sair barədə vacib məlumatları açıqlayıblar. Qonaqlar türkiyəli mütəxəssislərin bu sahədə əldə etdiyi təcrübənin məhz qardaş Azərbaycanda paylaşılmasının önəmini qeyd ediblər.
Kursun ilk günündə Professor Dr. Yunsur Çevik “Döz qəfəsində ağrı- kəskin koronar sindromda təcili tədbirlər”, Professor Dr.Zeynep Çakır “Huşun itirilməsi: təcili diaqnostika, müalicə”, Dosent Dr.Şahin Çolak “Travmatik vəziyyətlərə yanaşmalar və “Extended FAST” üsulu”, “EKQ-də aritmiyalar”, Professor Dr.Başar Cander “Ortopedik travmalara yanaşmalar: şina-gips prinsipləri” mövzusunda mühazirələrlə çıxış ediblər. Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Türk-Azərbaycan Təcili Tibbi Yardım Günləri” iki gün davam edəcək. Sabah təcili tibbi yardımda müdaxilələr, xəstədə əsas həyati funksiyaların dəstəklənməsi, kardioserebral reanimasiya və digər məsələlərlə bağlı dünya tibb elmində əldə olunan nailiyyətlər və yeniliklər barədə məlumat veriləcək.