Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 6-cı regional konfransı keçirildi

 

26 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Lənkəran şəhərində “Azərbaycan Respublikasının Regionlarında Oftalmoloqların Təcrübəsində İnnovasiya Texnologiyaları” mövzusunda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 6-cı regional konfransı keçirildi.  Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-cu ildönümünə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov Mərkəzin Masallı filialının kollektivini yubiley münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb və bir qrupuna fəxri fərmanlar və yubiley medalları təqdim edib. 

 

Konfransda 200-ə qədər region və Milli Oftalmologiya Mərkəzinin həkim heyəti iştirak edib və öz məruzələri ilə çıxış ediblər. Tədbirdə ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev iştirak edib. 

 

Konfransda Bakı, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Səlyan, Yevlax, Ağdam, İsmayıllı və digər regionlardan həkim heyəti iştirak edib. Tədbirdə“Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Respublikanın  Müxtəlif Regionlarında Oftalmolojı Yardımının Təşkilinə Dair Tədbirlər, Nəticələr”, “Qlaukomanın Lazer Müalicəsinin Əsas Məqamları”, “Bizim Təcrübəmizdə Uşaq Və Yeniyetmələrdə Miopiyanın Proqressivləşməsində Atropinin Effektivliyi” və s. mövzuları ətrafında məsələlər müzakirə edilib.   

 

Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir.  Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib. Konkret olaraq Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialı  və digərləri ən son texnoloji avadanlıqlarla təchiz olunub. 2008-ci il oktyabrın 7-də fəaliyyətə başlayan Masallı filialına ötən 10 il ərzində 76 min 342 nəfər müraciət edib, 12 min 553 xəstə üzərində əməliyyat aparılıb.  Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Eləcə də mərkəz  pasientlərə regionlarda səyyar xidmət də göstərir.