Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransı işə başlayıb. Tədbirin məqsədi doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.
İki gün davam edən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbirin açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini bildirib. Təhsil naziri Ceyhun Bayramov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan C.Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir.
Sonra gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər. Konfransda Azərbaycan Tibb Universitetindən 25 nəfər gənc dissertant və tədqiqatçı alim iştirak edib. Onlar 15 bölmə üzrə məqalələrini təqdim ediblər.
Ümumilikdə konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub.
Konfrans plenar iclasla işini yekunlaşdırıb. ATU-nun Psixiatriya kafedrasının dissertantı Orxan Fərəcli plenar iclasda “Hemodializ qəbul edən pasiyentlərdə qanda kreatin səviyyəsinin depressiya ilə əlaqəsi” mövzusunda çıxış edib. Ümumilikdə iclasda konfransın bölmələrinin işi və təklifləri müzakirə edilib, konfransın qətnaməsi qəbul olunub.
Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.