Qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin XIV qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
XV qurultayda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət rəsmiləri, deputatlar, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Və hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edək ki, qurultayda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, universitetin prorektorları və kafedra nümayəndələri iştirak ediblər.