Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı universitetin Tələbə Həmkarlar İttifaqı ilə birlikdə yeni layihə icra edir. "Çox gəzən, çox bilər" adlı bu layihənin məqsədi tələbələrin asudə vaxtını səmərəli keçməsini təmin etmək, həm də onların müxtəlif sahələr üzrə biliklərini artırmasına yardımçı olmaqdan ibarətdir.
Bu layihə çərçivəsində ilk gəzinti bu günlərdə Azərbaycan Təbabəti Muzeyinə təşkil olunub. Ziyarət zamanı təşkilatçılar Cavid Mustafazadə, Rəşad Məmmədli və Gülnur Rüstəmova tələbələri muzeydəki stendlər haqqında məlumatlandırıblar, səhiyyəmizin cümhuriyyət dövründən bu günədək keçdiyi inkişaf yolunu əks etdirən eksponatlarla onları tanış ediblər.
Sonda tələbələr muzey və gəzinti haqqında fikirlərini buradakı xatirə dəftərinə qeyd ediblər. Layihə çərçivəsində hər ay ATU tələbələrinin müxtəlif maraqlı məkanlara gəzintiləri təşkil olunacaq.