Əməkdar elm xadimi Elxan Kərimovun xatirəsi yad olundu

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya fakültəsində əməkdar elm xadimi, əməkdar həkim Elxan Kərimovun anım mərasimi keçirildi. Tədbir iştirakçıları mərhumu bir dəqiqəlik sükutla yad etdilər.

 

Tədbirdə giriş sözü ilə çıxış edən kafedra müdiri, professor Nazim Pənahov E.Kərimovun həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, əməkdar həkim Elxan Kərimov 1938-ci ildə Göyçayda anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Tibb İnstitutunun stomatologiya ixtisası üzrə təhsil alıb. 2000-ci ildə Azərbaycanın əməkdar həkimi, 2010-cu ildə isə «Əməkdar elm xadimi” adına layiq görülüb. O, həm də Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri olub. Mərhum 1990-cı ildən ATU-nun ortopedik stomatologiya kafedrasına rəhbərlik edib.

 

Sonra çıxış edənlər də mərhum haqqında xatirələrini bölüşüblər. Ağız və üz çənə cərrahiyyəsi kafedrasının dosenti Əkbər Hüseynov, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru Yunus Yusubov, “Təbib” idman klubunun rəhbəri Kamal Kəbirlinski, ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru Tamara Hüseynova, terapevtik stomatologiya kafedrasının dosenti Faiq Musayev, ağız və üz-çənə cərrahiyyəsi cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, Təkmilləşmə İnstitutunun professoru Mahir Əliyev, Əlikram Hacıyev, ATU-nun stomatologiya fakültəsinin dekanı Səid Əhmədov əməkdar həkim haqqında xoş sözlər səsləndiriblər, onun elm sahəsindəki nailiyyətlərindən söz açıblar.

 

Həyat yoldaşı Xalidə Kərimova isə çıxışında Elxan Kərimovun xatirəsinin yad olunduğu, tədbirdə səsləndirilən fikirlər üçün hər kəsə təşəkkürünü bildirdi.