Azərbaycan Tibb Universitetində (ATU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, universitetin müəllim heyətinə və tələbələrə 2019-cu ildə can sağlığı, səadət və uğurlar diləyib. Rektor qeyd edib ki, yola salmağa hazırlaşdığımız 2018-ci il ölkəmiz və xalqımız, eləcə də ATU üçün çox mühüm il olub:
“Müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd olunub, bütün ölkədə, həmçinin universitetimizdə bu önəmli tarixi hadisəyə həsr olunmuş tədbirlər keçirilib. 2018-ci il həm də prezident seçkilərinin keçirilməsi ilə yadda qaldı. Xalqımız yenə inkişafa, tərəqqiyə, ölkəmizin güclənməsinə səs verərək, cənab İlham Əliyevi yenidən prezident seçib.
Bu il Tibb Universiteti üçün də uğurlu bir il olub. Təhsil sistemində, tədrisdə bir çox yeniliklər, islahatlar aparılıb”. Rektor G. Gəraybəylinin sözlərinə görə, bu il tələbələrin biliklərinin artırılması, tədris proqramlarının müasirləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb:
“Universitetimizin fəaliyyətini müasir səviyyəyə qaldırmaq üçün İT texnologiyası adlandlrılan, elektron jurnala keçid də məhz 2018-ci ildə baş verdi. Əminəm ki, 2019-cu ildə də uğurlu fəaliyyətimizi davam etdirəcəyik. Və Azərbaycan Tibb Universitetinin regionda ən qabaqcıl ali təhsil ocaqları sırasına qatılmasına nail olacağıq”.
Daha sonra ATU rektoru, professor Gəray Gəraybəyli bir sıra nominasiyalar üzrə qalibləri mükafatlandırıb. “Ən yaxşı müəllim” nominasiyasının qalibi ATU-nun Farmakologiya kafedrasının dosenti, Əczaçılıq fakültəsinin dekanı Kamandar Yaqubov seçilib. “Ən yaxşı elmi fəaliyyəti” nominasiyasının sahibi Tədris terapevtik və pediatrik propedevtika kafedrasının assistenti Əlizamin Sadıqov olub.
“İlin ən aktiv tələbəsi” II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Məhərrəm Alimli seçilib. “İlin ən yaxşı təsərrüfat işçisi” adına Əlizamin Məmmədov layiq görülüb. Tədbirdə İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzinin əməkdaşları Rəmzi Əliyev, Həsən Həsənzadə və Əfsanə Kərimova da mükafata layiq görülüblər.
Eləcə də, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin 32 ali məktəb arasında keçirdiyi intellektual oyunda birinci yeri qazanan ATU-nun “Dominators” intelektual komandasına mükafat verilib.
Bayram tədbiri bədii proqramla davam edib. ATU-nun “Şəfa” xalq çalğı alətləri və “Çinar” rəqs ansamblları, eləcə də, Hərbi Tibb Fakültəsinin IV kurs tələbəsi Nadir Nəbiyev, İctimai səhiyyə fakültəsinin II kurs tələbəsi Emilya Hacıhəsənova, Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Günel Tamarova, Hərbi Tibb Fakültəsinin II kurs tələbəsi Nicat Nəsibli, “Şəfa” ansamblının fəxri üzvü Nərmin Camal, Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Əziz Əhmədlinin ifasında bir-birindən maraqlı mahnılar səsləndirilib. İctimai-səhiyyə fakültəsinin IV kurs tələbəsi Taleh Qasımov, İctimai-səhiyyə fakültəsinin III kurs tələbəsi Gülarə Məmmədli, Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Salatın Quliyevanın ifa etdiyi şeir parçaları da rəğbətlə qarşılanıb. Tədbirdə Tibb Universitetinin tarixində fəaliyyət göstərmiş “Eskulap”, “Eksperiment”və “Alov” qruplarından bəhs edən video-çarx da nümayiş olunub. Tədbirin aparıcıları - İctimai səhiyyə fakültəsinin III kurs tələbəsi Fidan Həsənli və Stomatologiya fakültəsinin II kurs tələbəsi Əli Əliyev 2019-cu ilin ATU-ya, bütövlükdə xalqımıza düşərli il olmasını arzulayıblar. Tədbir Azərbaycan Tibb Universitetinin himni ilə başa çatıb.