Azərbaycan Tibb Universiteti (ATU) Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetindən gələn növbəti nümayəndə heyətini qəbul edib. Ərəb tələbələrinin ikinci qrupu ilə görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov bundan əvvəlki təcrübə proqramının uğurla bitdiyini qeyd edib.
Prorektor N.Zeynalov qeyd edib ki, ərəb ölkələri arasında ilk olaraq BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universiteti ilə belə sıx əlaqələrin qurulması qürurvericidir. O, gələcəkdə iki universitet arasında münasibətlərin daha da dərinləşəcəyindən, təcrübə proqramlarının yalnız tələbələri deyil, rezident və müəllimləri də əhatə edəcəyindən əminliyini bildirib.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev qonaqları görməkdən məmnun olduğunu bildirib. O, güclü beynəlxalq əlaqələri mövcud olan ATU-nun ərəb ölkələrinin ali məktəbləri ilə münasibətlərin gücləndirməsindən danışıb: “Azərbaycan dövləti tarixən ərəb ölkələri ilə sıx əlaqələrə malikdir. Müasir dövrdə də dövlət səviyyəsində hər sahə üzrə münasibətlər genişləndirilir. Təhsil sahəsində də ali məktəblər arasında əlaqələrin gücləndirilməsi dövlətimizin maraqlarına daxildir”.
S.Əliyev qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda təhsil sahəsinə dair 2019-2023-cü illəri əhatə edən yeni dövlət proqramının qəbulu gözlənilir. Bu sənəddə xarici universitetlərlə əlaqələr, ikili diplomların qüvvəyə minməsinə aid məsələlər öz həllini tapacaq. Bu baxımdan, Azərbaycan ali məktəblərinin xarici universitetlərlə tələbə mübadiləsi aparması olduqca məqsədəuyğundur.
Görüşdə Çikaqo Dövlət Universitetinin professoru, tanınmış mikrobioloq Nadim Fazal və Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim iştirak ediblər. Onlar təmsil etdikləri ali məktəblərin ATU ilə əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildiriblər, bu istiqamətdə müxtəlif layihələrin icrasına yardımçı olacağını deyiblər.