ATU-da daha bir cütlüyün arzusu gerçəkləşdi

Ciddi problemləri olan qadın sağlam hamiləlik keçirib

Ciddi sağlıq problemləri olan və neçə illərdir ana olmaq arzusu ilə yaşayan gənc xanım Azərbaycan Tibb Universitetinin həkimlərinin köməyilə bu arzusuna çatıb. Yalnız bir yumurtalığının qismi funksionallığı olan 29 yaşlı qadın hamilə qalmaq istəyi ilə bağlı Azərbaycan Tibb Universitetinin I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovaya müraciət edib.

 

Mama-ginekoloq və endokrinoloq N.Axundova bildirir ki, qadında hər iki yumurtalığın endometrioması olubmiş. Buna görə də ailə qurandan 3 ay sonra xanımda laparoskopik yolla sağ tərəfli ovariektomiya (sağ yumurtalığın çıxaxarılması) , sol yumurtalığın rezeksiyası (hissəvi kəsilməsi) əməliyyatı icra olunub.

 

“Əməliyyatdan sonra qadının aybaşıları nəzərəçarpacaq dərəcədə pozulub Bundan öncə qadın bir çox klinikalara müraciət etsə də, ona donor yumurtası ilə ekstrakorporal mayalanma məsləhət görülüb. Biz sonsuzluğun səbəbini araşdırmaq üçün bir çox laborator-instrumental müayinələr apardır. Nəticədə məlum oldu ki, böyrəküstü vəzi mənşəli androgenlər, prolaktin, tireostimuləedici hormonun səviyyəsi yüksəkdir, D vitamininin ciddi çatışmazlığı var. Həmçinin, ultrasəs müayinəsi zamanı endometriumun polipi, sol yumurtalığın endometrioid sisti (şokolad sisti) aşkarlanıb”.

 

Həkimin sözlərinə görə, yumurtalıqda aparılan əməliyyat onun rezerv imkanlarını azalda biləcəyindən, qanda antimüller hormonunu da təyin edildi və bu göstərici 0,1 oldu. Alınan nəticələrə müvafiq qadına təyinat verilib. 
Sevindirici haldır ki, bu təyinatdan 4 ay sonra qadın ovulyasiya induksiya olunmadan, spontan (özbaşına) hamilə qalıb. Hamiləlik zamanı bu xanım ATU həkimləri tərəfindən izlənilib. O, hipotireoz, düşük təhlükəsi, vaxtından əvvəl doğuş təhlükəsi, preeklampsiya, simptomsuz bakteriyauriyaya görə müalicə alıb.

 

N.Axundova bildirir ki, nəhayət uzun intizardan sonra cütlük valideyn olmaq sevincini yaşayıb. Yanvarın 18-də hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sona çatıb. Çəkisi 3.320 qram, boyu 52 sm olan sağlam uşaq doğulub. Artıq ana və yenidoğulmuş evə yazılıblar.