Ölkəmizdə yeganə ali tibb təhsili verən qocaman universitet - Azərbaycan Tibb Universiteti ilin ən yaxşısı oldu. ATU "Azərbaycan Universitetləri" Facebook səhifəsi tərəfindən keçirilən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi olub.
Azərbaycan Tibb Universiteti 1930-cu ildən fəaliyyət göstərir. Hər il olduğu kimi, 2018-ci ildə də yüzlərlə tələbə təhsil üçün Azərbaycan Tibb Universitetini seçib. Qəbul göstəricilərinə görə, ötən il ATU-nun Müalicə profilaktika fakültəsinə- 501, İctimai Səhiyyə fakültəsinə – 48, Stomatologiya fakültəsinə – 30, Əczaçılıq fakültəsinə 41 tələbə qəbul olub. 15 nəfər magistratura pilləsinə qəbul olub. 30 nəfər isə hərbi feldşerliyi seçib. Ümumilikdə, 715 nəfər ATU-nun tələbəsi adını qazanıb.
Yüksək ixtisaslı həkimləri yetişdirən ATU həm də xarici ölkələrin vətəndaşları tərəfindən dəyərləndirilən Azərbaycan universitetlərindən biridir. Hazırda Tibb Universitetində 1800-ə yaxın xarici vətəndaş təhsil alır. Bu il ATU-ya 558 xarici tələbə qəbul olub. Bunlardan: Müalicə profilaktika fakültəsində – 265, Stomatologiya fakültəsində – 205, Əczaçılıq fakültəsində – 88 əcnəbi təhsil alır. Yeri gəlmişkən, bu tədris ilindən xarici tələbələrin universitetə qəbulunda yeni qayda tətbiq edilib. Belə ki,əcnəbilərin ATU-ya qəbulundan öncə onlarla Skype vasitəsilə müsahibə aparılıb.
2018-ci ildə 1025 nəfər ATU-nun məzunu adını qazanıb. Bunlardan 18 nəfər magistr pilləsini bitirib. Məzunların 85 nəfəri əcnəbi vətəndaşlardır.
Qeyd edək ki, son illər ATU-da müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Məsələn, Buraxılış Dövlət İmtahanlarında yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. O cümlədən, builki tədris ilindən etibarən, aralıq imtahanı tətbiq edilməyə başlanılıb.
ATU rəhbərliyinin təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan tələbələr üçün təqaüd fondu yaradılıb və onların təhsil haqqı Fonddan ödənilir.
"Azərbaycan Universitetləri" – Facebook-da ali məktəblərin fəaliyyətini əks etdirən və qiymətləndirən ən populyar səhifələrdən biridir. 200 minə yaxın izləyicisi olan bu səhifə tərəfindən hər il müxtəlif mövzularda sorğular keçirilir.