Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) həkimləri növbəti mürəkkəb əməliyyatı endoskopik əməliyyat yolu ilə birlikdə uğurla icra ediblər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Fərid Qaralov və LOR şöbəsinin müdiri Murad Şıxəliyev birgə cərrahi əməliyyat icra ediblər.
57 yaşında xəstə görmədə olan problemlərlə və qandakı hormonların artması səbəbilə Tədris Cərrahiyyə Klinikasının neyrocərrahiyyə şöbəsinə müraciət edib.
Ətraflı müayinələrdən sonra neyrocərrah Fərid Qaralov tərəfindən xəstəyə hipofiz adenoması diaqnozu qoyulub.
Kompüter tomoqrafiyası və MRT müayinəsindən sonra xəstənin əməliyyat olunması ilə bağlı qərar verildi.
Murad Şıxəliyevin sözlərinə görə, endonozal burundan daxil olmaqla, kənardan kəsik aparmadan şiş toxuması aşkar edilib: “Biz şiş toxumasına girişi yaratdıq. Əvvəllər bu əməliyyatlar açıq üsulla aparılırdı. Elə indinin özündə də bəzi neyrocərrahlar açıq üsuldan istifadə edirlər. Belə olanda, əməliyyat 3- 6 saata qədər davam edir. Açıq üsulla əməliyyatın nəticəsi daha çox travmatik olur. Bizim istifadə etdiyimiz endoskopik üsul daha müasirdir. Biz burun dəyilindən daxil olmaqla, daha az travmatik yolla əməliyyatı icra edirik”.
Kənardan dəlik açmadan, burundakı təbii dəlikdən giriş yaradıldıqdan sonra neyrocərrəh Fərid Qaralov tərəfindən şiş toxuması çıxarılıb. Əməliyyat saat yarım davam edib. Bu mürəkkəb əməliyyat tamponsuz, qansız üsulla başa çatıb.