Professor Bəybala Abbasovun 90 illiyi qeyd olundu
Azərbaycan Tibb Universitetində (ATU) tibb elmləri doktoru, professor Bəybala Abbasovun 90 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Mərasimdə ATU rektoru Əhliman Əmiraslanov çıxış edərək mərhumun Azərbaycan cərrahiyyəsinin inkişafına olan töhfəsindən danışdı: "Biz keçmişimizi bilməsək, bu günümüzü yaşaya bilmərik. Buna görə də indi yetişdirdiyimiz cərrahlara Bəybala Abbasovun keçirdiyi əməliyyatları, etdiyi kəşflər haqqında danışmaq borcumuzdur. O, Azərbaycanda damarların bərpası ilə məşğul olan yeganə cərrah idi".
Akademik Ə.Əmiraslanov professor Bəybala Abbasovun fəaliyyətinin 17 ilinin məhz ATU ilə əlaqədar olduğunu qeyd etdi. Daha sonra ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri professor Çərkəz Cəfərov B.Abbasova həsr olunmuş slayd-şou tərkibli mühazirə ilə çıxış etdi. Həmçinin, akademik Böyükkişi Ağayev, uşaq cərrahiyyə kafedrasının müdiri Çingiz Quliyev, professor Cabbar Hacıyev, professor Mübariz Əliyev də B.Abbasovla bağlı xatirələrindən söz açdılar.
Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, prezident təqaüdçüsü Bəybala Abbasov 1968-ci ildə ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti vəzifəsində çalışıb, sonradan həmin kafedranın professoru seçilib. 1969-cu ildə ATU-da ilk dəfə ürək-damar cərrahiyyəsi və reanimasiya kursu təşkil edib və onun müdiri vəzifəsində işləyib. B.Abbasov sonrakı illərdə ATU-nun müalicə-profilaktika fakültəsinin dekan müavini və sonralar dekanı, ümumi cərrahiyyə kafedrasının professoru və həmin kafedranın müdiri olub. Bəybala Abbasov 2012-ci ildə 89 yaşında dünyasını dəyişib.