Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən yeni dərs vəsaiti hazırlanıb. “Tibbi mikrobiologiya və immunologiya” adlı bu kitabın müəllifləri dosent Səidə Zeynalova, professor Nigar Ağayeva, dosent Adil Bayramov və İnşallah Əhmədovdur.
Orijinal üslubda hazırlanan “Tibbi mikrobiologiya və immunologiya” kitabı son zamanlarda tərtib edilmiş tədris proqramı əsasında yazılıb. Bu dərslik Tibbi profilaktika fakültəsinin tələbələri üçün nəzərdə tutulub. Lakin digər fakültənin tələbələri də bu dərslikdən yararlana bilərlər.
Qeyd edir ki, bu sahədəki təcrübə dərsinə həsr olunmuş sonuncu kitabın yazılmasından 10 il keçir. Bu müddətdə tədris proqramlarının təkmilləşdirilərək yenidən tərtib edilməsi bu dərsliyin yazılması zərurətini doğurub.
Dərslikdə yeni seroloji reaksiyalar, yeni viruslar, əvvəllər proqramda olmayan, indi isə keçilməsi zəruri olan bir sıra mövzular təkmilləşdirilib. Bu da tələbələrin infeksion xəstəliklərin diaqnostikasına dair bilik və vərdişlərinin daha da mükəmməlləşdirilməsinəimkan verəcək.
Dərsliyin ümumi hissəsində sadə və anlaşılan tərzdə mikroorqanizmlərin morfo-bioloji və kultural xassələrinin öyrənilmə üsulları kifayət dərəcədə şərh olunub Eləcə də, infeksion xəstəliklərin diaqnostikasında seroloji üsulun əhəmiyyəti hərtərəfli surətdə verilib. Xüsusi mikrobiologiya bölməsində isə xəstəliklərin laborator diaqnostika üsulları genişliklə izah edilib.
Bununla yanaşı, dərs vəsaitində ilk dəfə olaraq bir sıra xəstəliklərin (Məsələn, Laym xəstəliyinin, Psevdomembranoz kolitin və s. infeksion xəstəliklərin) mikrobioloji diqanostikası verilib.
Beləliklə, 2019-cu ildə nəşr olunmuş “Tibbi mikrobiologiya və immunologiya” dərsliyi ATU-nun bütün fakültələrinin tələbələri üçün yararlı dərslik olmaqla, təcrübi məşğələ dərslərini tam əhatə edir.