Rezidentlərin yekun qiymətləndirilməsinə dair treninq keçirilib

Fevralın 14-də ATU- nun Tədris-Cərrahiyyə Klinikasının Treninq Mərkəzində müvafiq ixtisaslara uyğun kafedraların müəllimləri ilə rezidentlərin yekun qiymətləndirilməsinə dair treninq keçirilib.

 

Treninqdə çıxış edən rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədov bu ildən etibarən rezidentlərin yekun imtahanlarında müəyyən dəyişikliklərin planlaşdırıldığını qeyd edib. Bu məsələnin ciddiliyini diqqətə çatdıran şöbə müdiri tərtib edilmiş test tapşırıqlarının tərtibi zamanı əsas məxfilik qorunmaqla tam qapalı şəkildə aprel ayına qədər təqdim edilməsinin məqsədəuyğun olduğunu deyib. O, vurğulayıb ki, testi tərtib edərkən sonda ədəbiyyat siyahısı və testi hazırlayan müəllimlərin adı və söyadı mütləq göstərilməlidir.

 

Sonra təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov yeni tipli test tapşırıqlarının tərtibinə dair dəyişikliklər barədə məlumat verib və bu yeni qaydalar ilə treninq iştirakçılarını tanış edib.

 

Rezidentlərin yekun imtahanlarında planlaşdırılan dəyişikliklərin mahiyyətini izah edən A.Qurbanov rezidentlərin yekun imtahanlarında 150 klassik və 20 yeni tipli test tapşırığı tərtib olunmasının zəruriliyini və klassik test tapşırıqlarının isə 30%-nin (təqribən 50 test tapşırığı) situasiya testləri kimi tərtib ediləcəyini bildirib.

 

Sözünə davam edən şöbə müdiri bildirib ki, rezidentlərin yekun qiymətləndirilməsinin digər mərhələsi isə ənənəvi olaraq bacarıq imtahanlarından ibarət olacaqdır. Yekun bacarıq imtahanlarında nəzərdə tutulan dəyişikliklər bəhs edən A.Qurbanov dedi ki, 4 ixtisas (cərrahiyyə, terapiya, mamalıq-ginekologiya, pediatriya) üzrə bacarıq imtahanlarının OSKİ tipində keçirilməsi planlaşdırılır.

 

Tədbirdə iştirakçıları düşündürən suallar Akif Qurbanov və Rizvan Məmmədov tərəfindən ətraflı cavablandırılıb.

Treninqin sonunda OSKİ ilə əlaqədar hazırlıq məsələləri müzakirə edilib