Fevralın 15-də ATU-nun Tədris Terapevtik Klinikasında “Proqressivləşən sistem skleroz” mövzusunda seminar keçirilib.
Məruzə ilə Revmatologiya şöbəsinin rezident-revmatoloqu Sevin Həsənzadə çıxış edib. Məruzəçi adıçəkilən xəstəliklərlə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Xəstəliyin əlamətləri, müayinə və müalicə yolarından söhbət açıb.
Klinikanın revmatologiya şöbəsinin müdiri, professor Sahib Musayev də proqressivləşən sistem sklerozun aktual, eyni zamanda təbabətin qədim xəstəliklərindən hesab olunduğunu bildirib. Hətta Hippokratın əsərlərində bu xəstəliyin adının “dəridə qalınlaşma və bərkimə” kimi öz əksini tapdığını qeyd edib. Xəstəliyin ciddi patoloji proses olduğunu bildirən professor, adı çəkilən xəstəliyin tibbin bütün sahələrində özünü büruzə verdiyini vurğulayıb:
“ Revmatoloji xəstəyə dəqiq diaqnoz qoymaq üçün həm yüksək ixtisaslı kardioloq, həm plumonoloq, həm nefroloq, həm onkoloq, həm də gematoloq olmalısan” –deyən professor S.Musayev revmatoloji xəstəliyin mütləq adıçəkilən sahələrdə özünü göstərdiyini qeyd edib.
O, həmçinin revmatoloji xəstəliklərin müayinə və müalicəsində dünya təcrübəsində istifadə olunan üsullar ilə bağlı da seminar iştirakçılarını məlumatlandırıb.
Mövzunun aktuallığı iştirakçıların marağına səbəb olub və onların verdiyi çoxsaylı suallar professor tərəfindən cavablandırılıbdır.