ATU-nun rektoru Malatya Universitetinin professoru ilə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Malatya Universitetinin professoru, qaraciyər transplantasiya şöbəsinin rəhbəri Sezai Yılmazla görüşüb.

 

Görüşdə rektor Gəray Gəraybəyli bu gün Tədris Cərrahiyyə Klinikasında işinə başlayan “V Bakı-Malatya Orqan Transplantasiya Günləri”nin artıq ənənə halını aldığını bildirib. G.Gəraybəyli hər il belə konfransların təşkilinin iki qardaş dövlətin ali məktəbləri arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunun göstəricisi olduğunu qeyd edib. Rektor bu dəfəki toplantının daha özəl olduğunu və ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunduğunu da vurğulayıb. G.Gəraybəyli iki universitet arasında əlaqələrin getdikcə daha genişlənəcəyindən əmin olduğunu bildirib.

 

Malatya Universitetinin professoru, qaraciyər transplantasiya şöbəsinin rəhbəri Sezai Yılmaz indiyədək dəfələrlə Azərbaycanda olduğunu, Tibb Unviersitetində keçirilən toplantılara qatıldığını xatırladıb. Universitetlər arasında əlaqələrlə yanaşı, Azərbaycan və Türkiyə arasında dövlət səviyyəsində tibb sahəsində münasibətlərin geniş olduğunu bildirən S.Yılmaz transplantologiya sahəsində də görüləsi işlərin olduğuni bildirdi.

 

Görüşdə Azərbaycan və Türkiyənin tibb mütəxəssisləri arasında əməkdaşlıq planları, əlaqələrin möhkəmlənməsi üçün qanunvericiliyə təkliflər barədə fikir mübadiləsi aparıldı.

 

Görüşdə iştirak edən ATU-nun I cərrahiyyə xəstəliklər kafedrasının müdiri, translantoloq, professor Nuru Bayramov universitetdə orqan köçürülməsi ilə bağlı aparılan işlrə, həyata keçirilən əməliyyatlar barədə məlumat verdi. Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov da iştirak edib.