Görüş zamanı rektor, akademik Əhliman Əmiraslanov ATU-nun Ankara Universiteti ilə sıx əməkdaşlığın mövcud olduğunu xatırlatdı. Onun sözlərinə görə, yaxın illərə qədər iki universitet arasında tələbə mübadiləsi proqramı icra olunub. Akademik Əhliman Əmiraslanov əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edərək iki ali təhsil ocağı arasında müqavilənin yenilənməsi təklifini irəli sürdü.
Öz növbəsində Ankara Universitetinin rektoru professor dr. Erkan İbiş də münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirdi. O, Ankara Universitetində güclü tibb fakültəsinin olduğunu, yaxın vaxtlarda başda Azərbaycan olmaqla bəzi ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin gücləndiriləcəyini bildirdi. Rektor Erkan İbiş də ATU və Ankara Universiteti arasında sazişin yenilənməsi təklifini dəstəklədi.
Daha sonra Türkiyədən gələn nümayəndə heyətinin üzvləri ilk dəfə olduqları Bakı haqqında, həmçinin ATU-da tələbələr üçün yaradılan şərait, təhsil səviyyəsi haqqında fikirlərini səsləndirdilər. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olundu.