ATU həkimlərdən növbəti uğurlu orqan köçürmə əməliyyatı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub. Bu haqda Klinikanın transplantologiya şöbəsinin müdiri Anar Namazov məlumat verib.

 

Həkimin sözlərinə görə, bu yaxınlarda böyrək çatışmazlığından əziyyət çəkən 53 yaşlı pasiyent klinikaya müraciət edib. Diabetik nefropatiya şikayəti ilə müraciət edən bu şəxs 3 ildir dializ xəstəsiymiş.

 

Diabetik nefropatiya şəkərli diabetin ağırlaşmasıdır və böyrək damarlarının zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik inkişaf edib ağırlaşanda böyrəklərin filtrasiya qabiliyyəti aşağı düşür və arterial təzyiq yüksəlir.

 

“Xəstə böyrək köçürülməsi üçün bizə müraciət etdi. Donor qismində yaxın qohumu çıxış edirdi. Ətraflı müayinələrdən sonra  orqan uyğunluğu təsdiqləndi və əməliyyat reallaşdırıldı. Donor laporaskopik üsulla əməliyyat olundu”. 3 gün müddətində evə buraxıldı.

 

A.Namazovun sözlərinə görə, əməliyyat donor və orqanı qəbul edən xəstədə eyni gündə aparılıb: “Əməliyyat eyni gündə- iki masada aparılır və iki fərqli briqada tərəfindən icra olunur. Əməliyyat təxminən 4-5 saat davam edir. Donor əməliyyatdan 3 gün sonra, böyrək köçürülən xəstə isə 1 həftə sonra evə buraxılıb”.

 

Şöbə müdiri bildirir ki, bu tip ağır əməliyyatlarda anestezioloji briqadanın peşəkarlığı da böyük rol oynayır.