Azərbaycan Tibb Universitetində rezidentura üzrə əmək qabiliyyətini müvəqqəti itirməsi və analıq məzuniyyəti ilə əlaqədar təhsil müddəti uzadılmış rezidentlərin buraxılış yekun attestasiyası olub. Mövcud qanunvericiliyə əsasən, birinci mərhələdə test imtahanı verən rezidentlər 50 sualdan 40-nı düzgün cavablandırmalıdırlar ki, ikinci mərhələyə buraxılsınlar. Bu mərhələdə isə minimum bal 30-dur. Beləliklə, ümumilikdə 70 bal toplayan rezident buraxılış yekun attestasiyasından keçmiş hesab olunur.
Şöbənin müdiri, professor Rizvan Məmmədovun açıqlamasına görə, birinci mərhələdə imtahana girən 65 nəfərdən 4-ü lazım olan balı toplaya bilmədiyindən ikinci mərhələyə buraxılmayıb: “Bundan əlavə, ötən il imtahana gəlməyənlər, kəsiri olanlar və birinci mərhələdən keçənlərlə birgə 82 nəfərin ikinci, yəni klinik bacarıqlar mərhələsinə buraxılması gözlənilirdi. Ancaq müəyyən səbəblərdən 18 nəfər imtahana gəlməyib, 70 nəfər isə 23 ixtisas üzrə bütün dövlət imtahanlarını müvəffəqiyyətlə verərək həkim-mütəxəssis adına layiq görülüb”.
Kardiologiya, pediatriya, ginekologiya, reanimatologiya və anesteziologiya ixtisasları üzrə daha çox rezidentin imtahana qatıldığını deyən R.Məmmədov klinik bacarıqlar mərhələsinin Səhiyyə Nazirinin əvvəlcədən təsdiqlədiyi komissiyanın nəzarəti altında aparıldığını, məzunlardan hansısa şikayətin, narazılığın qeydə alınmadığını vurğulayıb.
Onu da xatırladaq ki, əsas buraxılış yekun attestasiyası bir qayda olaraq hər ilin oktyabr ayında keçirilir və rezidentlərin növbəti dəfə təkrar imtahana gəlmək hüququ saxlanılır.