Azərbaycan Tibb Universitetinin (ATU) Patoloji anatomiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucov dünya tibbinin öncül mərkəzlərindən biri olan Klivlend Klinikasında elmi ezamiyyətdən qayıdıb.
Doktor M.Orucov ABŞ Dövlət Departamentinin Fulbright Səfər Təqaüdü Proqramının (Fulbright Visiting Scholar Program) qalibi qismində 04.09.2018-01.03.2019-cu il tarixlərində ezamiyyətdə olub. Həmin müddət ərzində ATU təmsilçisi "Qaraciyər patologiyası" mövzusunda elmi tədqiqat işi aparıb. Nəticədə M.Orucovun bir elmi məqaləsi artıq çapa göndərilib. Digər bir elmi məqalə və bir nadir xəstəlik nümunəsi və ədəbiyyat xülasəsi (Case Report and Literature Review) çapa göndərilmək üzrədir. Hazırda üç elmi məqalə üzərində iş davam edir.
Bundan əlavə, Müşfiq Orucov patologiya sahəsində nüfuzlu alimlər olan Dr. Steven Billings, Dr. John Goldblum, Dr. Brian Rubin, Dr. Daniela Allende və başqaları ilə patologiyanın müxtəlif sahələri üzrə diaqnozların qoyulması (sign-out), autopsiyalar, çoxsaylı praktik konfranslar, onlayn kurslar və mühazirələrdə iştirak edərək, öz professional bacarıqlarını təkmilləşdirib.
Beləliklə, elmi ezamiyyət nəticəsində Azərbaycan Tibb Universiteti ilə Klivlend Klinikası arasında gələcək elmi əməkdaşlığın təməli qoyulub.