Nobel mükafatçısı Ada Yonat Tibb Universitetinin qonağı oldu
Bu gün III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetinin qonağı olub. Universitetlə tanışlıq məqsədilə keçirilən görüş zamanı xanım Yonat tələbələrin suallarını da cavablandırıb.
ATU-nun Tədris-Terapevtik Klinikasında baş tutan görüş zamanı universitetin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edib. Rektor III Bakı Beynəlxalq Humanitar Forumu haqqında fikirlərini bölüşüb, bu nüfuzlu tədbirdə dünyanın 100 dən çox ölkəsindən 1000-ə yaxın qonağın iştirak etdiyini qeyd edib. Humanitar forumda tibb elmi sahəsinə aid çox önəmli sessiyanın keçirildiyini bildirən akademik Ə.Əmiraslanov həmin toplantıda molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri barədə çox faydalı müzakirələrin aparıldığını da söyləyib.
Əhliman Əmiraslanov qonağa ATU-nun yaranma tarixi, bu təhsil-tədris mərkəzindəki klinikalar, onların fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, bu ali təhsil ocağının fəlaiyyətinin əsas istiqaməti ölkədə keyfiyyəti tibb təhsilini təşkil etmək, yüksək ixtisaslı kadrlar hazırlamaqdır.
Artıq ikinci dəfədir Bakıda olduğun deyən Nobel mükafatı laureatı Ada Yonat isə şəhərin gözəlliyindən söz açıb. Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd edib. Xanım Yonat Azərbaycanda bu cür yüksək səviyyəli təhsil ocaqlarının mövcudluğuna çox sevindiyini də dilə gətirib.
Daha sonra Nobel mükafatçısı görüş iştirakçılarının, tələbələrin suallarını cavablandırıb. Sonda Ada Yonata ATU-nun fəxri diplomu təqdim olunub.
Qeyd edək ki, A.Yonat "Nobel" mükafatından əvvəl 2006-ci ildə Volf mükafatı, 2008-ci ildə isə UNESCO-nun "Elmdə qadın" nominasiyasında "LOREAL" mükafatına layiq görülüb.