AMEA Tibb və Biologiya bölməsi illik hesabat verdi
Azərbaycan Tibb Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tibb və biologiya elmləri bölməsinin illik hesabatına həsr olunmuş toplantı keçirilib. Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında keçirilən tədbirdə AMEA Tibb və Biologiya Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov giriş nitqi ilə çıxış edib. Akademik Ə.Əmiraslanov AMEA biologiya və tibb bölməsinin 2 ildir fəaliyyət göstərdiyini, bu müddət ərzində xeyli nailiyyətlər əldə olunduğunu bildirdi. Daha sonra bölmə institutlarının nümayəndələri 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər. Bölmənin büro üzvləri Validə Əlizadə, Böyükkişi Ağayev, Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, Tibb elmləri doktoru İbrahim İsayev, Həkimləri təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru Məmmədəli Meybəliyev, Travmatologiya və ortopediya institutunun direktoru Vaqif Verdiyev təqdimatla çıxış ediblər. Qeyd edək ki, AMEA-nın Biologiya bölməsinə 6 elmi müəssisə daxildir. Bunlar Botanika İnstitutu, Zoologiya İnstitutu, Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Mərdəkan Dendrarisidir. Tibb bölməsinə isə Azərbaycan Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutu və Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-tədqiqat İnstitutları daxildir.